Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbi ilə tanınmış tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilməyib.
O, ifadəsində həmin gün qızı və rəfiqəsi Müjgan Məmmədzadə ilə dənizə getdiklərini deyib:
"Qızım Bakıya gəlmişdi, birlikdə dənizə getdik. Səhərə yaxın aeroporta gedəcəkdi. Mərdəkan-Qala yolu ilə irəliləyirdik, sürət həddimiz 70-80 idi. Sürəti azaldıb dönmək istəyəndə arxadan işıq sürəti ilə avtomobil gəlib elə keçdi ki, maşın yerində yellənməyə başladı. Birdən gördüm ki, həmin maşın düz üç dəfə yerində döndü. Qorxudan, həyəcandan dizlərim tutuldu, özümdən getdim. Gözümü xəstəxanada açanda dəli kimi qışqıraraq qıza "su verin" dediyim anı xatırlayıram".
İ.Hacıyeva Almaniyada olanda müxtəlif sosial şəbəkə hesablarından hədələyici mesajlar aldığını söyləyib: "Mesajlarda "Bakıya qayıt, gördüyümüz yerdə dərini soyacağıq" kimi sözlər yazılmışdı. Mən müstəntiqi tapıb onunla danışdım, mesajlar barədə ona bildirdim. Dedi ki, narahat olmayın, siz sadəcə şahidsiniz. Bakıya gələndə müstəntiqi yığıb burada olduğumu, ifadə vermək istədiyimi bildirdim. O mənə icazəli olduğunu, işə çıxmadığını dedi. Mən təzədən Almaniyaya qayıtdım. Çox keçmədi, müstəntiq zəng etdi ki, gəl Bakıya, izahat ver. Gəldim, gələn kimi mənim ölkədən çıxışıma "stop" qoyuldu".
Zərərçəkənin hüquqi varisi I.Məlikova bildirib ki, seçilmiş qətimkan tədbiri ilə razı deyil: "Hadisə vaxtı sənə kömək elədilər, bəs düşünmədin ki, onlar da kiminsə övladıdır? Şikayətçiyəm".
Məhkəmədə daha sonra şahidlər ifadə verib.
Şahid Babək Piriyev bildirib ki, İ.Hacıyevanın idarə etdiyi maşının icarədarı olub:
"İlduzə xanım bizdən maşın kirayələmişdi. Bizə zəng etdilər ki, belə bir bədbəxt hadisə baş verib. Gedib maşını aeroportdan götürdük. Bir neçə gün sonra polisdən mənə zəng gəldi. Maşın 1 aya yaxın polisdə qalmışdı".
Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, qəza hadisəsi 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı “Changan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Bakı Apellyasiya Məhkəməsinin iyulun 22-də verdiyi qərara əsasən o, ev dustaqlığına buraxılıb.
Aknews.az