“Sumqayıt şəhər Bələdiyyəsi ilə aramızda torpaq icarəsi üzrə heç bir rəsmi müqavilə yoxdur. Təxminən bir il əvvəl biz bələdiyyəyə rəsmi ərizə ilə müraciət etmişik ki, aramızda yeni müqavilə bağlansın. Lakin bir sıra səbəblərdən bu məsələ uzanıb. Sonra Bələdiyyədən bizə bildirildi ki, guya obyekt üzrə əvvəlki dövrə aid borc mövcuddur və əvvəlcə həmin borc ödənməlidir. Biz isə qarşı tərəfdən bu borcun hansı əsasla və hansı müqaviləyə əsasən yarandığını təsdiq edən sənədləri təqdim etməyi tələb etdik. Lakin bu günə qədər bizə heç bir rəsmi sənəd təqdim olunmayıb”.
Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 48 ünvanında yerləşən “Perla” Psixoloji İnkişaf Mərkəzi ictimai obyektinin sahibi Rzayev Heydər Nizami oğlu “AzPolitika”-ya müraciətində bildirib.
Şikayətçi qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsi heç bir xəbərdarlıq olmadan ona məxsus obyektin qarşısına qanunsuz şəkildə beton piltə yerləşdirib və buyolla fəaliyyətlərinə süni əngəllər yaratmağa çalışır: “Biz öz dövrümüzdə yaranan təxminən 600 manat civarındakı torpaq icarə vergisini ödəmişik. Lakin bələdiyyə nə rəsmi xəbərdarlıq, nə də məhkəmə qərarı təqdim etmədən, tamamilə qeyri-qanuni şəkildə obyektin girişinə beton piltə qoyub. Biz rəsmi qaydada müraciət edərək bildirdik ki, bu məsələ yalnız məhkəmə yolu ilə həll olunmalıdır. Əgər məhkəmə tərəfindən borc olduğu müəyyənləşdirilərsə, həmin məbləği ödəməyə hazırıq. Bələdiyyə isə konkret bir sənəd və ya hüquqi əsas təqdim etmədən, sadəcə “biz edə bilmərik” deyərək məsuliyyətdən yayınır”.