Abşeronda qazinin dolanışıq köşkü dağıdıldı – söküntünü kimin etdiyi gizlədilir


44 günlük Vətən müharibəsi iştirakçısı, qazi Əhmədov Nəcməddin Natiq oğlu Abşeron rayonu, Digah qəsəbəsində qurduğu köşkün dağıdıldığını bildirir. Qazi AKnews.az-a müraciətində qeyd edib ki, ailəsini dolandırmaq məqsədilə qurduğu daşına bilən köşk heç kimə mane olmurdu.

Məsələ ilə bağlı ilkin olaraq Abşeron rayon İcra Hakimiyyətinin məktubu əsasında aidiyyəti qurumlar ərazidə baxış keçirib. Məktubda “qanunsuz tikinti” iddiası göstərilsə də, yoxlama zamanı obyektin daşına bilən əmlak olduğu, yəni tikinti aparılmadığı təsdiqlənib.

Buna baxmayaraq, qazinin sözlərinə görə, köşk əraziyə gətirilən texnika vasitəsilə yerlə yeksan edilib.
Qazi soruşur:
“Əgər bu köşk heç kimə mane olmurdusa, aidiyyəti qurumlar da tikinti olmadığını təsdiqləmişdisə, kim texnika gətirib mənim əmlakımı dağıtdı? Mənim dolanışıq vasitəmi hansı qanuna əsasən məhv etdilər?”

Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Müşfiq İsmayılov qaziyə obyektin söküntüsündə iştirak etmədiyini bildirib.
Məlumata görə, proses zamanı hüquq-mühafizə orqanları əraziyə dəvət edilsə də, köşkün konkret olaraq kim tərəfindən söküldüyü gizlədilir. Bu isə hadisə ilə bağlı sualları daha da artırır.

Qazinin iddiasına görə, məsələ sonda Abşeron rayon icra başçısı Abidin Fərzəliyevin göstərişinə çıxır. O bildirir ki, əgər qurumlar söküntünü həyata keçirməyibsə, icra başçısının tapşırığı hansı mexanizmlə icra olunub və niyə sahibkarın əmlakı gecə saatlarında dağıdılıb?

Gecə saatlarında daxil olan şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Xəbərlər