Tala Meşəbəyiliyində qalmaqal: keçmiş məhkumluq, qanunsuz qırıntı və yeni məhkəmə iddiası


Zaqatala rayonunda meşə təsərrüfatı işçisi barədə bir-birini izləyən cinayət və məhkəmə prosesləri diqqət çəkir
Zaqatala Meşə Təsərrüfatı İdarəsinin Tala meşəbəyiliyində çalışan meşəbəyi Fazil Seyfulla oğlu Cumayev illər ərzində bir neçə hüquqi prosesin mərkəzində olub.


Rəsmi sənədlərə görə, Fazil Cumayev 2021-ci ilin oktyabr ayında Əleybad meşəbəyiliyində işlədiyi dövrdə Meşələrin İnkişafı Xidməti və 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı qanunsuz ağac kəsimində ittiham edilib. Yoxlama aktına əsasən, 7 saylı dolayının 16 saylı kvartalında aparılmış kəsim nəticəsində ümumilikdə 63,84 kubmetr həcmində ağac ziyan görüb, təbiətə 8 min 792 manatlıq maddi zərər dəydiyi müəyyən olunub.

Toplanmış materiallar əsasında 5 oktyabr 2021-ci ildə Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq gedişində maddələr 259.2.3 və 259.2.4 kimi tövsif edilib və iş 2022-ci ilin martında Zaqatala Rayon Məhkəməsinə göndərilib. Məhkəmə hökmü ilə Fazil Cumayev 7 min manat cərimə cəzasına məhkum edilib.

Keçmiş məhkumluq və gizlədilən məlumat

Məhkəmə arxivləri göstərir ki, Fazil Cumayev bundan xeyli əvvəl, 8 sentyabr 2005-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya fəal iştirak) üzrə də təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Bununla belə, 2007-ci ildə meşə təsərrüfatında işə qəbul zamanı əvvəlki məhkumluğu barədə sənəd təqdim etmədiyi və bu məlumatı işəgötürənlərdən gizlətdiyi də sonradan ortaya çıxıb.


Son günlər Fazil Cumayev barəsində daha bir məhkəmə prosesi diqqət çəkir. Məlumatlara görə, o, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad olunmasına etiraz edərək məhkəməyə müraciət edib. İddianın predmeti və məhkəmə baxışının nəticələri barədə isə hələlik rəsmi açıqlama yoxdur.


Qeyd: Məqalədə yer alan məlumatlar məhkəmə sənədləri və rəsmi aktlara əsaslanır. Tərəflərin mövqeləri və məhkəmənin yeni qərarı elan edildikcə əlavə məlumat təqdim olunacaq.

Aknews.az

Xəbərlər