İllərdir tibb sahəsində dövlət tenderlərinin qalibləri dəyişməz qalır. Xüsusilə milyonluq layihələr “Avromed Company”, "Referans Pharmaceuticals”, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti arasında paylaşdırılır. Bu satınalma müqavilələrinin hansı şərtlərlə bağlandığı, xüsusilə niyə məhz bu şirkətlərin seçildiyi cəmiyyətə bəlli deyil. Çünki müqavilələr əsasən bir mənbədən imzalanır.
Teleqraf xəbər verir ki, "Referans Pharmaceuticals” ötən ilin sonunda böyük sifariş alıb.
Belə ki, 2025-cü ilin sonuna yaxın Ədliyyə Nazirliyinin Tibb baş idarəsində və onun tabe qurumlarında dərman preparatlarının və sarğı materiallarının satın alınması üçün "Referans Pharmaceuticals” MMC ilə 2 milyon 580 min manat dəyərində müqavilə imzalanıb. Satınalma bir mənbədən baş tutub. Yəni "Referans Pharmaceuticals” MMC-yə hansı göstəricilərə görə üstünlük verildiyi bəlli deyil.
Ötən ilin sentyabrında “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün “Referans Pharmaceuticals” ilə bağladığı müqavilə də diqqət çəkir. Publik hüquqi şəxs dərmanların alınması üçün MMC-yə 9 milyon 982 min 947,5 manat ödəyib. Müqavilənin icrasının bitmə tarixi bu ilin sentyabr ayı qeyd edilib.
Yeri gəlmişkən, bu “İnnovasiya və Təchizat Mərkəzi”nin “Referans Pharmaceuticals” ilə ilk əməkdaşlığı deyil. Publik hüquqi şəxs 2024-cü ildə də ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün MMC-yə 11 milyon 169 min 120,08 manat ödəyib.
“Referans Pharmaceuticals” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də “ən sevimlilərindəndir”. Dövlət Agentliyi 2023-cü ildə "Referans Pharmaceuticals” ilə 23 milyon manat dəyərində 2 müqavilə imzalayıb. Söhbət 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər tibb müəssisələri üçün 6 milyon 947 min 527,3 manat dəyərində dərman vasitələrinin, 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünə qədər 15 milyon 526 min 795,63 manat dəyərindən dərman vasitələrinin alınmasından gedir.
İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.
Agentlik 2021-2022-ci illər üzrə hepatit əleyhinə dərman vasitələrinin satın alınması məqsədilə 385.860 manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına dair dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 418 min 902,8 manat, tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 192 min 926 manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satın alınması məqsədilə 54.143 manat, sümük iliyinin diaqnostikası üçün spesifik vasitələrin satın alınması məqsədilə 54.392 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə dərman vasitələrinin satın alınması məqsədilə 134.992 manat dəyərində, "Referans Pharmaceuticals” ilə müqavilələr bağlayıb.
Bundan əlavə 2021-ci ildə talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası çərçivəsində dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üçün keçirilən tenderdə də “Referans Pharmaceuticals”a üstünlük verilib. Müqavilənin dəyəri 1 milyon 615 min 243 manat olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elə həmin ildə “Referans Pharmaceuticals” ilə ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin satın alınması üçün 1 milyon 417 min 475 manat, eləcə də imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün 1 milyon 51 min 911 manat dəyərində müqavilələr imzalayıb.
