Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən regionlarda dini maarifləndirmə tədbirlərinin keçirilməsi üzrə 30.01.2026-cı ildə başlanılmış açıq tenderə 17.03.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “MEDİCAL MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 144.679,8 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 17.03.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, şərtlər toplusuna görə “MEDİCAL MEDİA” MMC Şəmkir Quba, Şəki, Lerik və Ağdam rayonlarında Davos formatı üçün əlverişli, 200 nəfər rahat yerləşə bilən geniş və işıqlı, yüksək dizaynda hazırlanmış, ən azı 5 metr hündürlüyü olan, komforlu oturacaqlara malik olan tədbir zalının icarəsi və tədbir iştirakçılarına proqram, qələm və döş nişanı, xüsusi kağız qovluq, karton çanta, qeyd kitabçası, buklet, maarifləndici metodik vəsait,yaxa kartı, çay və qəhvə fasiləsinin təşkili və nahar fasiləsi kimi xidmətləri təşkil etməlidir.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəzərdə tutulmuş regionlarda dini maarifləndirmə tədbirlərinin keçirilməsi xidmətinin keçirilməsi üzrə tenderin ehtimal olunan qiyməti 309.578,32 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “MEDİCAL MEDİA” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Amma göründüyü kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizdən aşağı qiymət təqdim etmiş “MEDİCAL MEDİA” MMC ilə satınalma müqaviləsi bağlamağı nəzərdə tutur ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Bundan əlavə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tabeli Mənəvi Dəyərlərin Təbliği Fondu da Türkiyə və Gürcüstandan olan din adamlarının Azərbaycana səfərinin təşkili xidməti üzrə “MEDİCAL MEDİA” MMC ilə 85.762,4 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu məlumat satınalmaların portalında 19.03.2026-cı ildə dərc edilib.
Analoji qanun pozuntusuna bu satınalmada da yol verilib. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ehtimal olunan qiyməti 189.417,10 manat müəyyən edilib. Lakin göründüyü kimi Fondun müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “MEDİCAL MEDİA” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Göründüyü kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu da satınalmalarda saxtakarlıq hallarına yol verilməsinə şübhə yaradan müqavilələr bağlamağı planlaşdırırlar. Burada bir nüans da var. Satınalan təşkilatlar ehtimal qiymətini həddindən artıq şişirtmiş ola bilərlər.
Amma bütün hallarda qanunun tələb etdiyi kimi, təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduqda təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edilməlidir. Dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən də çox güzəştə yol vermək olmaz.
Bunlardan əlavə qeyd etmək istətərdik ki, “MEDİCAL MEDİA” MMC-nin adı mediada bir sıra şübhəli satınalmalarda hallanır. Belə ki, sözügedən şirkət daha əvvəllər “SAF-İ”, “Saf Farma” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dərman satışı həyata keçirib.
Qeyd edək ki, “Saf Farma” şirkəti 2013-cü ildə təsis edilib. 2020-ci ildən “MEDİCAL MEDİA” MMC kimi fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı isə Yasamal rayonu, Bəsti Bağırova ev 14, mənzil 12 ünvanıdır. Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Xudiyev Azər İbrahim oğlu olub. Hazırda MMC-nin qanuni təmsilçisi Məmmədov Sədi Əbülfət oğludur.
“MEDİCAL MEDİA” MMC kimi 2021-ci ildən başlayaraq Səhiyyə Nazirliyi və ona tabeli qurumların keçirdiyi reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi xidmətləri üzrə onlarla satınalmanın qalibi seçilib.
Qeyed edək ki, bütün bu məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Satınalma Komissiyasına ünvaladığımız sorğu cavabsız qaldı. Buna baxmayaraq tərəflərin mövqeyini dərc etməyə daim hazırıq.
Aktualinfo.net
Aknews.az