Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...


Bu ilin iyununda Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Anaxeber.info.az-ın məlumatına görə, sakinlər FHN rəhbərinə müraciətdə yaşadıqları binanın nəzarətə götürülməsini, istismar aktı verilməsini xahiş ediblər. Sonra FHN-də olub, səlahiyyətli şəxslərlə görüşüblər, ardınca sakinlərin nümayəndəsi nazirlikdə qəbul olunub. Qəbulda bildirilib ki, binanın istismara götürülməsi üçün köməklik olunacaq. Amma üzərindən üç aydan artıq vaxt keçir və bu günə qədər bir binanın problemi hələ də həllini tapmayıb.
Sakinlərin sözlərinə görə, FHN binanı yoxlayıb istismar aktı verdikdən sonra 165 ailə mənzillərin Çıxarışını əldə edə bilər. K.Heydərovdan köməklik istəyən sakinlər xahiş ediblər ki, bu məsələnin həlli ilə 165 ailəni sevindirə bilər. Ancaq hələ də ortalıqda bir nəticə yoxdur və verilən vədlə bağlı praktiki addımlar atılmayıb. Sakinlər qeyd edirlər ki, binanın istismar aktının verilməsi və mənzillərə Çıxarış alınması FHN-dən asılıdır. Vətəndaşlar deyirlər ki, bu problemi öz imkanları daxilində həll etmək gücünə malik deyillər. Amma FHN rəhbərliyi sakinləri səmimi şəkildə dinləyib problemin həllinə kömək edəcəyinə söz versə də, hər hansı müsbət dəyişiklik yoxdur.
Qeyd edək ki,
MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satması ifşa olunub, istintaqa cəlb edilib. Artıq hər iki şəxsə hökm oxunub. Binanın yarımçıq qalan işləri isə I Vitse-prezident Mehriban Əliyevanın tapşırığı, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsinin dəstəyi və sakinlərin daxili resursları hesabına araya-ərsəyə gəlib. Hazırda binada fasiləsiz bütün kommunal təchizat var, üç lift fəaliyyət göstərir, hər hansı problem mövcud deyil, daimi qaz, işıq, su gəlir. Sadəcə, mənzillərə Çıxarış əldə etmək, həmçinin alqı-satqı ilə bağlı problem yaşanmaqdadır. Sakinlər deyirlər ki, əgər cənab nazir Kəmaləddin Heydərov istismar aktının verilməsində dəstək olarsa, ona, bir ömür minnətdarlıq edərlər. Onlar xahiş edirlər ki, bu müraciət səmərəsiz qalmasın. Sakinlər bildirirlər ki, FHN "yaşıl pasport" tələb edir, bu sənəd isə istintaq dövründə yoxa çıxıb, indiyə qədər tapılmır. Lakin onun bərpası mümkündür və FHN bu məsələdə dəstək ola bilər. Sakinlər deyirlər ki, ümid yalnız nazir Kəmaləddin Heydərovadır. Onlar Yeni ilə qədər Çıxarış almaq arzusundadırlar ki, ailələrində əsl bayram olsun. Sakinlər saytımız vasitəsi ilə bir daha FHN rəhbərinə müraciət edərək köməklik göstərilməsini xahiş edir.

Anaxeber.info.az

Aknews.az

Xəbərlər