Süni intellektin sürətli inkişafı media sahəsində də iş proseslərini dəyişməyə başlayıb. Xəbər mətnlərinin hazırlanması, redaktə, tərcümə və məlumatların emalı kimi işlərdə süni intellektdən istifadə imkanları genişlənir. Bu isə gələcəkdə jurnalist və redaktorların fəaliyyətinin hansı formada dəyişəcəyi ilə bağlı suallar yaradır.
Bəs süni intellekt media əməkdaşlarını tamamilə əvəz edə bilərmi? Süni intellektin media sahəsində geniş istifadəsi jurnalist və redaktorların iş imkanlarına necə təsir edə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, süni intellekt hazırda həyatın bütün sahələrində sürətlə tətbiq olunur və səhiyyədən yaradıcılığa, jurnalistikadan digər peşə sahələrinə qədər geniş təsir göstərir.
Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi müəyyən sahələrdə iş yerlərinin ixtisarına da səbəb olur. Jurnalistikada isə bu məsələyə daha spesifik yanaşmaq lazımdır: “Əgər, məsələn, təbabətdən danışırıqsa, süni intellekt və robot texnologiyaları müəyyən funksiyaları çox dəqiq və effektiv şəkildə yerinə yetirə bilir. Robotların apardığı cərrahi əməliyyatların üstünlüklərini də hər kəs təsdiq edir. Süni intellekt mediada çoxdan tətbiq olunur. Məsələn, 10-15 il əvvəl “Washington Post” qəzetində idman botları gün ərzində təxminən 50-100 xəbər hazırlaya bilirdi. İndi isə onların hazırladığı xəbərlərin sayı kifayət qədər artıb. Azərbaycanda da bəzi media qurumları bundan istifadə edir, televiziya və radio proqramlarında, eləcə də xəbər hazırlanmasında süni intellektdən yararlanılır”, – deyə Q.Məhərrəmli bildirib.
Professor vurğulayıb ki, jurnalistika prinsiplər, meyarlar və peşə standartları üzərində qurulduğundan, süni intellekt tərəfindən hazırlanmış materialların peşəkar redaktor tərəfindən yoxlanılması vacibdir: “Burada söhbət, belə deyək, redaksiyanın və xəbər istehsalının texniki və rutin işlərinin görülməsindən gedir. Bu baxımdan süni intellektin imkanları genişdir. Lakin onun hazırladığı məlumatların bir hissəsi həqiqətə uyğun olmaya bilər və buna görə də həmin materialların ciddi şəkildə yoxlanılmasına ehtiyac var. Bu işi isə peşəkar redaktor həyata keçirməlidir”.
Q.Məhərrəmli əlavə edib ki, redaktorların rolu bundan sonra da qorunub saxlanılacaq: “Redaktorlar həmişə olub, bu gün də var və gələcəkdə də xəbər işinə öz töhfələrini verəcəklər. Ona görə də süni intellektin inkişafından bu baxımdan çox məyus olmağa dəyməz”.
Oğuz Ayvaz
“AzPolitika.info”
Aknews.az