İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət etdiyi vaxt Prezident Donald Trampın administrasiyası ilə fikir ayrılıqlarının olduğunu və bu səbəbdən özünü küncə sıxışdırılmış kimi hiss etdiyini deyib.
Aknews.az xəbər verir ki, bu barədə o, dövlət qulluğundan getməzdən əvvəl "CBS News"a müsahibəsində bildirib.
"Müsahibələrdə bu barədə danışmaq mənim üçün çətindir, çünki sözlərim tez-tez mübahisəyə çevrilir. Mən bir az küncə sıxılmışam, çünki administrasiyaya qarşı çıxmaq istəmirəm, amma onların etdikləri hər şeyə görə məsuliyyəti də öz üzərimə götürmək istəmirəm. Yəni bir növ küncə sıxılmışam, başa düşürsünüz?" - Mask qeyd edib.
O vurğulayıb ki, çox şeydə Trampın komandasının siyasəti ilə razıdır, lakin onların ixtilafları olur. Mask, xüsusilə, ABŞ liderinin "böyük, gözəl qanun layihəsi" adlandırdığı dövlət xərclərini azaltmaq üçün təklif etdiyi qanun layihəsini xatırladıb.
"Düşünürəm ki, qanun layihəsi ya böyük, ya da gözəl ola bilər, lakin onun eyni vaxtda həm böyük, həm də gözəl ola biləcəyinə şübhəm var. Bu mənim şəxsi fikrimdir", - iş adamı bildirib.