Son illərdə təhsildə islahatlar və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, bəzi təhsil müəssisələrində köhnə korrupsiya ənənələrinin hələ də davam etdiyi müşahidə olunur. Bu hal xüsusilə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəblə bağlı son iddialar fonunda ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
Mənbələrdən əldə edilən məlumatlara görə, sözügedən məktəbdə rüşvət halları və qeyri-qanuni idarəetmə formaları sistematik hala çevrilmişdir. Şagirdlərin və valideynlərin verdiyi ifadələr bu məktəbin artıq təhsil müəssisəsindən çox, şəxsi maraqların mərkəzi kimi fəaliyyət göstərdiyini ortaya qoyur.
Məktəbin "lisey" statusu əldə etmək uğrunda apardığı fəaliyyətlərə nəzər yetirdikdə, burada əsas diqqətin şagirdlərin real biliyinə deyil, statistik göstəricilərə və formal “nailiyyətlərə” yönəldiyi açıq görünür. İddialara görə, olimpiadalarda iştirak edən şagirdlər dərs prosesindən tamamilə kənarlaşdırılır və yalnız xüsusi hazırlıq dərslərinə yönləndirilirlər. Həmin hazırlıqlar üçün valideynlərdən aylıq 300 manat məbləğində ödəniş tələb olunur. Maraqlıdır ki, bu vəsaitin bir hissəsinin məktəb rəhbərliyinə çatdığı bildirilir.
Bu, təkcə təhsil prosesinə müdaxilə deyil, həm də şagirdlərin konstitusion təhsil hüququnun pozulması və açıq-aşkar maddi istismara məruz qalması kimi qiymətləndirilə bilər.
Daha acınacaqlı və narahatedici iddialardan biri də birinci sinfə qəbul prosesində baş verən korrupsiya faktlarıdır. Valideynlərin bildirdiyinə görə, uşaqların müəyyən müəllimlərin sinfinə düşməsi üçün onlardan 1000 manat məbləğində pul tələb olunur. Bu ödənişi etməyən valideynlər isə övladlarının tədris keyfiyyətindən narazı qaldıqları müəllimlərin siniflərinə yerləşdirildiyini iddia edirlər.
Bu cür hallar təhsildə bərabər imkanlar prinsipini pozmaqla yanaşı, ictimai etimadı sarsıdır və cəmiyyətdə sosial ədalətsizliyi dərinləşdirir.
Müəllim heyətinin bir hissəsinin dərslərdə iştirak etmədən, yalnız hazırlıq dərslərindən gəlir əldə etdiyi də mənbələr tərəfindən qeyd olunur. Onların dərs saatları formal şəkildə sənədləşdirilir və məktəb rəhbərliyi bu fəaliyyəti “təhsil uğuru” kimi təqdim etməyə çalışır.
Əgər bu iddialar təsdiqini tapsa, bu, yalnız etik deyil, həm də hüquqi pozuntu hesab edilir. Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunları bu cür halların qarşısını almaq üçün konkret hüquqi çərçivə təqdim edir.
Mövcud qanunvericiliyə əsasən, təhsildə şəffaflığın təmin olunması dövlətin əsas prioritetlərindən biridir. Bu səbəbdən Sumqayıt şəhəri 23 nömrəli məktəbdə baş verən hadisələrin dərhal araşdırılması və məsul şəxslərin qanun qarşısında cavab verməsi cəmiyyətin hüquqi gözləntisidir.
Aidiyyəti qurumlar – o cümlədən Təhsil Nazirliyi, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Ombudsman Aparatı – bu cür hallara qarşı sərt mövqe nümayiş etdirməli, şagirdlərin və valideynlərin hüquqlarını qorumalıdır.
Nəticə əvəzi: Təhsil ticarət predmeti deyil
Şagirdlərin gələcəyini şəxsi maraqlara qurban vermək, təhsil prosesini maddi qazanc mənbəyinə çevirmək həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Təhsil sistemi şəffaflıq, bərabərlik və ədalət prinsipləri üzərində qurulmalıdır. Sumqayıtdakı bu məktəbdə baş verənlər isə bütün cəmiyyət üçün bir siqnal olmalıdır – təhsili qorumaq, gələcəyi qorumaq deməkdir.
İddialarla bağlı qarşı tərəfin münasibətin öyrənməyə hazırıq.
Yazar: Qönçə Mahalova,
Bakunews.az
Aknews.az