Hövsan Dəniz Gömrük Postunun rəisi, gömrük xidməti general-mayoru Fərid Usubov sərəncama götürülüb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, general-leytenant Şahin Bağırov tərəfindən müvafiq əmr imzalanıb.
"DİA-AZ" xəbər verir ki, Usubovun vəzifədən kənarlaşdırılmasına səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. Qeyri-qanuni yük partiyasının aşkar edilməsindən sonra məsul şəxslərlə bağlı daxili araşdırmalara başlanılıb.
Hazırda məsələ ilə bağlı rəsmi araşdırmalar davam edir. Sərəncama götürülmə, Azərbaycan qanunvericiliyinə əsasən, vəzifəli şəxsin səlahiyyətlərinin müvəqqəti dayandırılması və istintaq tədbirlərinin aparılması üçün tətbiq olunan inzibati addımlardan biridir.
DGK hələlik hadisə ilə bağlı əlavə açıqlama verməyib.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, Fərid Usubov sərəncama götürülsə də, onun həbsi belə gündəmdədir. Və bu barədə müvafiq prosedur da həyata keçirilir.
Bizi izləyin. Əlavə məlumat veriləcək.
Aknews.az