Prezident İlham Əliyev cənablarının Azərbaycanda prioritet elan etdiyi sahələrdən biri də infrastruktur layihələrinin yenilənməsi, müasirləşdirilməsidir. Bu məqsədlə dövlət başçısı avtomobil yollarının, körpülərin və yol ötürücülərinin yenidən çəkilməsi üçün müvafiq sərəncamlar imzalayır.
Dövlət başçısının belə bir sərəncamından biri də cari ilin mart ayının 7-də imzaladığı sərəncamdır.
Bu sərəncamla Bərdə rayonunda on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əhatə etdiyi kəndlərdə əsaslı tikinti işləri başladı.
Sözügedən sərəncamla ilkin mərhələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon manat vəsait ayrılıb.
Yol çəkilişini AAYDA-nın tabeliyində fəaliyyət göstərən 43 saylı Yol İstismar İdarəsi MMC aparır.
Başdansovdu işlər, silinən pullar...
AzFakt.com dövlət başçısının imzaladığl sərəncama əsasən Bərdə rayonunun Əmirli, Xanərəb, Qaradəmirçi, Xanağalı, Xanxanımlı, Dəymədağıldı, Şirvanlı kəndləri istiqaməti üzrə aparılan işlərlə tanış olub.
Qeyd edək ki, burada ilk diqqətə gələn, əksər sakinlərin səsləndirdiyi neqativ məqam yolun ensiz çəkilməsidir. Yaşayış məntəqələrinin içlərində mümkün olduğu halda yolun ensiz planlaşdırılması narahatlıq yaradır.
Digər qüsur isə kəndlərin içində və kəndarası yollarda su ötürücülərinin-turbaların normativə uyğun qoyulmamasıdır.
Əmirli və Xanərəb kəndlərində yollardan keçən su turbaları korroziyaya uğramış, köhnə, diametri az olan turbalardan istifadə edilir.
Xanərəb kəndi ilə Qaradəmirçi kəndinin arasında - işıq stansiyasından Qaradəmirçi kəndinə olan istiqamətdə isə demək olar ki yol yatağına xam torpaqdan istifadə edilir.
Su ötürücü turbalarla olan problem Xanağalı və Xanxanımlı kəndlərində də var.
Belə ki, 2015-ci ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Xanağalı kəndində qazılan su quyusunun suyunun arxa axan istiqamətində mövcud olan turbanı yol çəkilişini aparan şirkət ləğv edib.
Sakinlər yeni turba tələb etsələr də İdarə artıq planın təsdiqləndiyini, turbanın olmadığını bildirir.
Eyni problem Xanxanımlı kəndində də var.
Burada da su ötürücü turbalar normativə uyğun deyil.
Digər problem isə Xanağalı - Xanxanımlı - Dəymədağıldı kəndlərinin arasında olan məsafədə əkin sahələrindən çıxan suların kollektora alınmaması, yeni çəkilən yolda turbaların qoyulmamasıdır.
Diqqətçəkən məqamlardan biri isə yol çəkilişi aparan idarənin zəif işləməsidir.
Əmirli-Şirvanlı istiqamətində apardığımız müşahidələr zamanı heç bir ərazidə iş getmədiyini gördük.
Qeyd etdiyimiz problemlə bağlı yaxın günlərdə reportaj təqdim edəcəyik.
Məsələ ilə bağlı yazıda adı keçən və cavabdeh qurum olan 43 saylı Yol İstismar İdarəsi MMC-dən münasibət örgənə bilmədik.
Aknews.az