Xadiməyə maşın təmizlətdirən vəzifəlilər haqqında yeni xəbər


Sosial şəbəkələrdə bir neçə ay əvvəl 240 nömrəli məktəbdə yaşanan qalmaqallı hadisə yenidən gündəmə gəlib. Həmin görüntülərdə məktəbin rəhbər heyətinin – direktor və direktor müavininin məktəbin texniki işçilərinə şəxsi avtomobilləri yuduzdurduğu açıq şəkildə görünürdü. O vaxt bu hadisə cəmiyyətdə haqlı narazılıq yaratmış, nəticədə məktəbin direktoru vəzifəsindən azad edilmişdi.
Lakin bu qalmaqalda adı hallanan keçmiş direktor müavini Arifə Məmmədova indi Bakı şəhəri 20 nömrəli məktəb-liseyə direktor təyin edilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat katibi Bəşarət Məmmədov məsələni “tam yalan” adlandıraraq Bakupost.az-a açıqlamasında bildirib:

“Əvvəla, Arifə Məmmədova vaxtilə 240 saylı məktəbdə direktor müavini işləsə də, maşını o deyil, direktor Esmira Məmmədova ilə digər müavin Esmiralda Heydərli yuduzdurub. Arifə Məmmədova haqqında deyilənlər tamamilə yalandır. Bu xəbəri onun həmyerlisi Feysbukda paylaşıb. Yəqin aralarında şəxsi problem olub.”
B.Məmmədovun sözlərinə görə, Arifə Məmmədova hazırda 190 nömrəli məktəbdə direktor müavini vəzifəsində çalışır və “direktor təyin edilməsi” xəbəri əsassızdır.

Amma bu açıqlama cəmiyyətdə inandırıcı qarşılanmayıb. Çünki sosial şəbəkələrdə paylaşılan foto və videolarda Arifə Məmmədovanın həmin hadisə zamanı orada olduğu aydın görünür. Əgər mətbuat katibinin dediyi kimi, maşını “başqası yuduzdurubsa”, bəs həmin nəqliyyat vasitəsini məktəbin həyətinə kim sürüb?

Cavabsız suallar çoxdur.

Daha da düşündürücü olan məqam isə odur ki, belə qalmaqallarda adı hallanan şəxslərin daha yüksək vəzifələrə gətirilməsi artıq sistemli bir tendensiyaya çevrilib. Təhsil ictimaiyyəti bu kimi təyinatların arxasında elm və idarəçilik bacarığından çox şəxsi münasibətlərin və himayədarlığın dayandığını düşünür.

Bu fonda cəmiyyətin gözlədiyi əsas sual budur:
Elm və Təhsil naziri Emin Əmrullayev belə halların qarşısını almaq üçün nə vaxt real addımlar atacaq?

Aknews.az

Xəbərlər