Bakıda quldurluq etməkdə təqsirləndirilən Xəyal Yusifovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Xəyal Yusifov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2025-ci il martın 6-da axşam saatlarında paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1 000 manat olan kassa aparatını talayıb.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və X.Yusifova qarşı Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 maddələri ilə ittiham irəli sürülüb.
Aknews.az