12-14 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə şotokan karate üzrə IX dan qara kəmər sahibi, tanınmış mütəxəssis Hitoşi Kasuyanın rəhbərliyi ilə XXXIII Ümumrespublika Texniki Seminarı və imtahanı keçirilib.
Seminarda iştirak edən 200-dən çox idmançı və məşqçi müəllimlərlə texniki biliklərin artırılması, beynəlxalq standartlara uyğun məşq metodlarının tətbiqi və idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində praktiki və nəzəri məşğələlər təşkil olunub.
Tədbir çərçivəsində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovniik Füzuli Musayev və Akademiyanın İdman, fiziki və qəza-xilasetmə hazırlığı kafedrasının rəisi professor Əhməd Əfəndi Dünya Şotokan Karate-Do Federasiyası (WSKF) tərəfindən təsis edilmiş “Dünya Çempionları Klubu”nun xüsusi medalı ilə təltif olunublar.
Bu nüfuzlu mükafat dünya çempionu olmuş və hazırda da ölkəmizdə gənclərin karateyə marağının artırılması, FHN-in əməkdaşlarının və idmançı üzvlərinin beynəlxalq arenada layiqincə təmsil olunması, şotokan karate növünün inkişafı, beynəlxalq standartlara uyğun təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təqdim edilib.
Qeyd edək ki, Füzuli Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Əhməd Əfəndi isə Texniki və Məşqçilər Komitəsinin sədri, karate üzrə 2 qat dünya çempionları, 8-ci dan qara kəmərin sahibidirlər.
