“Ziya Məmmədovun akademik qardaşı Elton Məmmədov mənə 67 min manat “atıb”” – Qarabağ əlili


“Pulun qalanını nə zaman verəcəyini soruşduqda mənə hədə- qorxu gəlməyə başladı. Dedi ki, bilirsən biz kimik, qardaşım nazirdir, özüm deputatam, bütün ətrafım böyük vəzifələrdədir. Şikayətləri davam etdirsən, pulun qalanını istəsən, səni ya bir adla həbs etdirərəm, ya da lazım gəlsə birinə beş- on manat verib səni öldürtdürərəm. Elə o vaxtdan da mənə borcun qalanını vermədi”, - II qrup Qarabağ əlili Yusubov Fəxrəddin Əli oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubunda belə deyilir.
Bəs, özünün deputatlıq mandatına, qardaşının nazir səlahətinə arxanlaşıb Qarabağ əlilinin haqqını verməyən bu adam kimdir?
Fəxrəddin bəyin iddiasına görə, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov. Şikayətçinin iddialarına inansaq, Elton Məmmədov yalnız öz evini təmir etdirməklə qalmayıb, qardaşı qardaşı Loğmanın Ucar rayonunun Qazıqumlax kəndindəki evinin və hazırda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin Badamdar qəsəbəsindəki villasının tikintisini də ona həvalə edib.
İndiyə qədər bir çox yeyintilərdə adı hallanan və hətta bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində cinayət işi açılan, amma AMEA-da mənimsədiyi 3 milyon manatı dövlətə qaytarmaqla həbsdən yayınmağı bacaran Elton Məmmədov Qarabağ əlilini necə aldadıb?
Gəlin, bu hadisənin təfsilatını şikayətçinin öz dilindən dinləyək.
Yusubov Fəxrəddin şikayət məktubunda yazır:
“Hörmətli Heydər Oğuz bəy!
Mən, Yusubov Fəxrəddin Əli oğlu, Bakı şəhəri, Keşlə qəsəbəsi, M. Ağayev küçəsi 48, mənzil 1 ünvanında yaşayıram. 22 mart 1953-cü ildə anadan olmuşam, Qarabağ qazisi, II qrup Qarabağ əliliyəm. İxtisasca ali təhsilli mühəndisəm.
2007-ci ildə, ixtisasım üzrə, Nəqliyyat Nazirliyinin yanındakı körpüdə daş- bəzək işləri ilə məşğul idim. Bu məqsədlə fəhlələrdən ibarət işci briqadası yaratmışdım. Üzərimizə qoyulan işi yüksək keyfiyyətlə yerinə yetirib, təhvil verdik. Lakin, müqavilə üzrə zəhmət haqqımızın 65000 ( altmış beş min) ABŞ dolları məbləğində pulumuzu kəsib, vermədilər. Təbii ki, fəhlələr öz pullarını məndən tələb edirdilər, sifarişci isə ödəniş etmirdi. Olduqca çətin vəziyyətdə qalmışdım. Məcburiyyət qarşısında, o zamankı Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun bacanağı Mehmana müraciət etdim. Mehman məni 1200 (bir min iki yüz) AZN müqabilində Elton Məmmədovla tanış etdi. Onunla Milli Məclisdəki iş otağında görüşdük. Ona vəziyyəti ətraflı başa saldım, mənə kömək edəcəyini söz verdi. Həqiqətən də, iş icrasına zəng edib, mənim pulumu vermələrini tapşırdı.
Bu köməyin müqabilində ona nə verməli olduğumu soruşdum. Nəğd pul istəmədi, lakin başqa sövdələşmə təklif etdi. Mənə , Ucar rayonu, Qazıqumlax kəndində, özünə məxsus evi təmir etmək müqabilində, Azəravtoyol Dövlət şirkətinin rəhbəri Cavid Qurbanovla danışdığını, tikinti üçün layihələnmiş körpülərdən birinin sifarişini verdirəcəyini söz verdi.
Onun evində 4-5 ay işlədim briqadamla. Cəmi 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində iş gördüm. Görülən işlərin siyahısı və smeta dəyəri zamanında tam olaraq yazılıb və hal hazırda məndədir. Əlavə olaraq, Novxanıda Əhəd Əbiyevdən aldığı bağ evinin təmirində də iştirak etdim və Qazıqumlax kəndində qardaşı Loğman Məmmədova məxsus evin də daş-bəzək işlərini gördüm. Loğmanın evində gördüyüm işdən də 7000 ( yeddi min) ABŞ dolları məbləğində pulu mənə ödənilmədi. Eyni zamanda, Badamdar qəsəbəsində, Ziya Məmmədovun təmir etdirdiyi, Ramiz Mehdiyevə məxsus sarayın tikintisində də işləmişəm. Həmin evə, minlərlə şam ağacının kəsilməsi ilə çəkilən yolun da çəkilməsinin şahidiyəm.
Beləliklə, Elton Məmmədovun öz evindən 75000, qardaşı Loğmanın evindən isə 7000 pulum ödənilməmiş qaldı, heç bir körpü sifarişi də verilmədi. Faktiki olaraq aldanıldım.
Uzun illər pulumu almağa çalışdım, ən müxtəlif insanlara və orqanlara çoxsaylı müraciətlər etdim. Müraciət etdiyim insanların içində yalnız birinin səmimi kömək etmək istədiyini gördüm. 2017-ci ildə, YAP qərargahında şikayətim zamanı, hörmətli deputat Eldar İbrahimov Elton Məmmədova zəng etdi və mənim pulumu qaytarmağı ondan tələb etdi. Bu zəngdən sonra Elton mənə iki dəfə pul verdi, bir öz işcisi vasitəsilə avtovağzalda 5000 (beş min), bir də özü, öz iş otağında 10000 (on min) ABŞ dolları.
Pulun qalanını nə zaman verəcəyini soruşduqda mənə hədə- qorxu gəlməyə başladı. Dedi ki, bilirsən biz kimik, qardaşım nazirdir, özüm deputatam, bütün ətrafım böyük vəzifələrdədir. Şikayətləri davam etdirsən, pulun qalanını istəsən, səni ya bir adla həbs etdirərəm, ya da lazım gəlsə birinə beş- on manat verib səni öldürtdürərəm. Elə o vaxtdan da mənə borcun qalanını vermədi.
Hal hazırda 60000 ( altmış min) ABŞ dolları öz evinin təmirindən, 7000 ( yeddi min) ABŞ dolları isə qardaşı Loğmanın evinin təmirindən mənə borcları var. Bilmirəm necə edim, kimə şikayət edim, haqqımı necə təmin edim. Doğurdanmı pullu və vəzifəli insanlar bizim haqqlarımızı istədikləri qədər poza, tapdalaya, bizi şərləyə, həbs elətdirə, hətta fiziki cəhətdən aradan götürə, məhv edə bilərlər? Doğurdanmı bizim uğrunda qanımızı axıtdığımız Vətənimizdə heç bir haqqımız, hüququmuz, müdafiəmiz yoxdur?. Doğurdanmı belədir?.
Yusubov Fəxrəddin əli oğlu
Qarabağ qazisi, II qrup Qarabağ əlili 20.12.2025”.
P.S. Qeyd edim ki, iddialarla bağlı Elton Məmmədovun da fikirlərini öyrənməyə cəhd etdim. Onun sorğuma cavabı isə xeyli yığcam oldu: “Mənim heç kimə borcum yoxdur, haqqımda deyilənlər iftiradır”.
Ümid edirik ki, hüquq-mühafizə orqanları bu işi diqqətdə saxlayacaq və kimin haqlı, kimin haqsız olduğuna obyektiv qiymət verəcək.
Tərəflərin qarşılıqlı iddialarını tərəfsiz şəkildə işıqlandırmağa hazırıq.
Heydər Oğuz
TEREF

Aknews.az

Xəbərlər