2025-ci ilin bitməyinə iki gün qalsa da, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın “rəfiqə qrantları” seriyası bitmək bilmir ki, bilmir.
Yenixeber.org-un araşdırma qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyində dövlət rəsmilərinə və deputatlara bağlı QHT-lərlə bağlı araşdırma başlamaq istəsə də “rəfiqə qrantları”nın çoxluğu buna imkan vermir. Təbii ki, bu gün də sizlərə Aygün Əliyevanın daha bir rəfiqəsi və ona göstərdiyi “qayğı”dan bəhs edəcəyik.
Əvvəlki yazılarımıza diqqət etmisinizsə, Aygün Əliyevanın qrant hədiyyə etdiyi rəfiqələrinin çoxu Binəqədi rayonunda işləyən şəxslərdir. Bu dəfə təqdim edəcəyimiz şəxsin də Aygün Əliyeva ilə tanışlığı Binəqədi rayonundan başlayıb... Beləliklə Kubra Əliyarlı.
K. Əliyarlı Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Aygün Əliyeva ilə birgə çalışıb. Rəfiqəlik münasibətləri də həmin vaxtlardan başlayıb.
Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edildikdən bir qədər sonra Kubra Əliyarlı artıq YAP Binəqədi Təşkilatının əməkdaşı kimi deyil, “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri kimi özünü təqdim etməyə başlayır.
Qısa zamanda Aygün Əliyeva bu rəfiqəsinin də rəhbərlik etdiyi təşkilatı qrantsız qoymur. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Kubra Əliyarlının sədri olduğu “Davamlı İqtisadi və Sosial Maarifləndirmə” ictimai birliyi 2022-ci ilin qrant müsabiqəsində 9 min manat qrant vəsaiti alır. İllərlə QHT sektorunda ciddi təşəbbüsləri ilə seçilən təşkilatlar 8-9 min manat qrant aldığı halda, heç bir ciddi fəaliyyəti olmayan yeni bir QHT də 9 min manat qazanır(?)

