Mədəniyyət naziri kimləri qəbul etməlidir, fermerləri, yoxsa mədəniyyət sahəsinə bağlı olanları?
Redaksiyamıza Kəlbəcər rayon Mollabayramlı kəndindən məcburi köçkün olan, hazırda Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış Orucov Səttar Rizvan oğlunun Mədəniyyət naziri cənab Adil Kərimliyə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri tərəfindən qarşılaşdığı haqsızlıqlardan və qanunsuz olaraq vəzifəsindən kənarlaşdırılmasından bəhs edir. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı adları hallanan tərəfləri də, dinləmək istədik. Yazıda adı hallanan Orxan İbrahimov bizimlə telefon danışığında Orucov Səttar Rizvan oğlunun məktəbin direktoru yox, direktor vəzifəsi həvalə edilən şəxs olduğunu və bu vəzifədən də qanunauyğun olaraq kənarlaşdırıldığını bildirdi...
Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarlarla müraciəti dərc edirik:
Qeyd edim ki, 2007-2010 -cu illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 2010-2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasının bakalavr, 2014-2016-cı illər də isə eyniadlı müəssisənin magistr pilləsini bitirmişəm. 2018-ci ildə imtahan vasitəsilə Mingəçevir şəhər Ü. Hacıbəyli adına 1 saylı onbirillik Musiqi məktəbində pedoqoji fəaliyyətə başlamışam.
Heç bir təmənna güdmədən, əqidəli şəkildə YAP sıralarına qoşulan, Azərbaycan mədəniyyətinə xidmət etməyi qarşısına məqsəd qoyan, tam ali təhsilli kadr kimi 02.06.2024-cü il tarixdə DİM və Mədəniyyət Nazirliyinin birgə həyata keçirdiyi imtahanda uğurlu nəticə əldə etmişəm. Daha sonra nazirin müşaviri hörmətli Cəsarət Valehovun da üzvü olduğu komissiya heyətindən “həvalə” müsahibəsindən müsbət rəy alıb, müvafiq Əmrə əsasən Mingəçevir şəhər Şəhid F. Qasımov adına Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini icra etməyə başlamışam. Bir ilə yaxın fəaliyyətimə baxmayaraq 29.09.2025 -ci il tarixdə mənə Regional İdarənin sektor müdirləri vəzifəsini müddətli müqavilə ilə idarə edən Orxan İbrahimov və Zəfər Hacıyev tərəfindən telefon zəngi edilərək heç bir əsas olmadan, anidən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə nazirlikdən “hər bir müəssisənin yalnız öz daxilində fəaliyyət göstərən kadrların vəzifəni müvəqqəti icra edə bilməsi” ilə bağlı özlərinin kəşf etdiyi, qondarma “Təlimat” gəldiyini, “müqavilə müddətimin Nazirlik tərəfindən uzadılmadığı” kimi əyani sübutu olmayan, heç bir reallığı özündə əks etdirməyən fikirlər səsləndirildi. Həmin gün saat 15:00-da növbədənkənar təşkil edilmiş Pedoqoji Şura iclasında tam ali təhsilli olmağıma baxmayaraq Qanunvericiliyin tələblərinə zidd şəkildə məni kənarlaşdırıb, son ana qədər gizli saxladıqları kadr-2021-ci ildə maliyyə pozuntusuna və ciddi nöqsanlarına görə “direktor müavini” vəzifəsindən uzaqlaşdırılmış, orta ixtisas təhsilli Əhmədova Aynur Qiyas qızını təyin etmişdilər. Halbuki Regionda fəaliyyət göstərən 15 uşaq incəsənət və musiqi məktəblərinin ən az 8-ində orta ixtisaslı və ərazi baxımından digər məktəblərin müəllimləri həvalə olaraq rəhbərlik edir. Nazirliyin adından istifadə edərək səsləndirdikləri rəsmi sübutu olmayan, dırnaqarası “Təlimat” yəqin ki, yalnız mənə aid imiş!!!
