Keçmiş məmur Səxavət Məmmədovun köhnə dostlarla yeni işbirliyi nələrdən xəbər verir


Azərbaycan Dövlət Musiqili Teatrı bəstəkarı P.Axundova, libretto müəllifi Ə.Əmirlinin “Messenat” iki hissəli musiqili dram tamaşası üçün malların satınalınması üzrə 08.12.2025-ci ildə başladığı kotirovka sorğusu proseduruna yekun vurub. Müsabiqənin qalibi fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu seçilib və tərəflər arasında 59.898 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 14.01.2026-ci ildə dərc edilib.
Qeyd edək ki, bu Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov arasında bağlanan ilk müqavilə deyil.

Sözügedən teatr bəstəkarı C.Quliyev, libretto müəllifi Ə.Əmirlinin “Yeddi məhbusə anası” iki hissəli musiqili komediyası əsasında “Zal qızı Zalxa” adlı tamaşanın hazırlanması üçün malların satınalınması üzrə 08.12.2025-ci ildə başlanılmış kotirovka sorğusu üzrə də fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ilə 22.160 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu məlumat isə satınalmaların portalında 13.01.2026-ci ildə dərc edilib.

Göründüyü kimi Azərbaycan Dövlət Musiqili Teatrı bir tamaşanın hazırlanması üçün eyni malların satın alınması üzrə bir gün fərlə iki kotirovka sorğusu keçirmişdir ki, bu qanunla yolverilməzdir.

Bundan əlavə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı libretto müəllifi Ələkbər Tağızadənin “Sən kralsan” tamaşasının qurulması üçün lazım olan digər malların satınalınması üzrə dəyəri 65.615 manat olan kotirovka sorğusunun 14.11.2025-ci ildə yekunlaşdırıldığını və fiziki şəxs Məmmədov Səxavət Fazil oğlunu qalib elan edib.

Bundan əvvəl isə Azərbaycan Dövlət Musiqili Teatrı bəstəkarı Vüqar Camalzadə, quruluşçu reyissoru İradə Gözəlova olan “Şahmaran” tamaşası üçün nəzərdə tutulmuş malların satınalması üzrə fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ilə 34.500 manat məbləğində satınalma müqaviləsini 28.10.2025-ci ildə bağlayıb.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov ilə son üç ayda ümimi dəyəri 182 173 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Dövlət Musiqili Teatrının satınalmalarda önəm verdiyi fiziki şəxs Məmmədov Səxavət Fazil oğlu ətrafında apardığımız araşdırmada məlum oldu ki, o, əvvəl mədəniyyət sahəsində çalışıb.

Elektron mediada 07.07.2023-cü ildə yer alan məlumatlara görə Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, Şamaxı rayonunda fəaliyyət göstərən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları daxildir.

Buna baxmayaraq Səxavət Məmmədovun əvvəllər harada işləməsi barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Əldə etdiyimiz məlumatlara görə Səxavət Məmmədov 2024-cü ilin iyulunda tutduğu vəzifədən uzaqlaşdırılıb. Maraqlı orasıdır ki, onun Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılması, sözügedən posta təyin olunduğu kimi heç bir media orqanında
işıqlandırılmayıb. Nə baş verib? Nazir Adil Kərimli onu vəzifəyə təyin etdikdən bir il sonra niyə çıxarıb? Səbəbsiz ola bilməz.
Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Səxavət Məmmədov 2025-ci ildə Mədəniyyət nazirliyinə tabeli və regionlarda yerləşən teatrlarla ümumi dəyəri 246 868 manat olan 8 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Mədəniyyət nazirliyinə tabeli qurumların satınalmalarında qalib seçilən keçmiş mədəniyyət məmuru Məmmədov Səxavət Fazil oğlu vergi ödəyicisi kimi MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mən. 30 ünvanda daimi qeydiyyatdadır.

Sözügedən ünvanda, MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30-da Məmmədov Səxavət Fazil oğlunun qanuni təmsilçisi olduğu “PREMYER PRODAKŞİN” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PREMYER PRODAKŞİN” (VÖEN: 2700318711) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.04.2007-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30, qanuni təmsilçisi kimi isə Məmmədov Səxavət Fazil oğlu olduğu qeyd olunub.

Qeyd edək ki, Səxavət Məmmədovun qanuni təmsilçisi olduğu “PREMYER PRODAKŞİN” MMC isə 22.05.2020-ci ildən 06.11.2025-ci ilə qədər müxtəlif dövlət qurumları tərəfindən tədbirlərin təşkili, bayram sovqatlarının və həqiyyələrin alınması və sair malların satın alınması üzrə keçirilmiş dəyəri yüz minlərlə manat olan 32 kotirovka sorğusunun qalibi olub.

Göründüyü kimi Səxavət Məmmədov 2023-2024-cü illərdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi olduğu dönəmdə də biznes fəaliyyəti ilə məşğul olub və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında tədbirlərin təşkili xidmətlərini həyata keçirib. Şübhəsiz bütün bunları vəzifə səlahiyyətlərindən və nüfuzundan istifadə etməklə əldə edib.

Elə Mədəniyyət nazirliyinə tabeli qurumlar tərəfindən keçirilən çoxlu satınalmaların qalibi olması da Səxavət Məmmədovun keçmiş mədəniyyət işçisi olaraq, köhnə əlaqələrindən və dostluq tellərindən istifadə etməsi ehtimalını artırır. Dolayısı yolla bunlar, keçmiş məmur Səxavət Məmmədovun köhnə döstlarla yeni işbirliyindən başqa bir şey deyildir.

Maraqlıdır, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqlar aparılması və görüşlərin keçirilməsi qadağan edildiyi halda Səxavət Məmmədov döst münasibətlərində olduğu şəxslərlə müqavilələr bağlamağa kimlər şərait yaradır, kimlər icazə verir? Həm də Adil Kərimlinin heç bir il vəzifədə saxlamadığı bir şəxslə…

Aktualinfo.net


Aknews.az

Xəbərlər