Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Gununsesi.info-nun Ramiz Mehdiyevin cinayət işi üzrə materialları araşdırması zamanı məlum olub ki, sabiq PA rəhbəri yazdıqlarını Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.

Belə ki, iş materiallarında görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.

İstintaq materiallarında onun ifadəsindən aşağıdakı məqam yer alıb:

“Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanı şəxsən özüm təxminən avqust ayından bir ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapı Sevil İsmayılovaya həvalə etdim”.

Mehdiyev deyib ki, sənədin əsas ünvanı isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.

İş materiallarına əsasən, Sevil İsmayılovaya Narişkinin müavini Rəşad Kurbanov vasitəsilə həmin əlyazmanı ona çatdırmaq tapşırılıb.

Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.

Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatları əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib.

Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.

İstintaq materiallarında Sevil İsmayılovanın telefon danışığı zamanı işlətdiyi bu ifadə diqqət çəkir:

“Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqa nəfərə”.

Aknews.az

Xəbərlər