"Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib".
Aknews.az xəbər verir ki, bunu Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker xatırladıb ki, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Prezident İlham Əliyev Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğulayıb:
"Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir. Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir. Ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar. Digər tərəfdən, Parlament Şəbəkəsinə üzv ölkələrin parlamentləri Bandunq prinsiplərində təsbit olunmuş idealların və məqsədlərin həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişində hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyil, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir. Parlament Şəbəkəsinin yaradılması da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biridir".