İcra başçısının oğlu evlərini sökdüyü ailələrin kirayə pulunu vermir...
Lənkəran şəhərinin Heydər Əlyev küçəsində - Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi ilə üzbəüz ərazidə evləri sökülən ailələr tender sahibinin onlara verməli olduğu kirayə pulunu ala bilmir.
Bu barədə Yenixeber.org-a lənkəranlı oxucularımız məlumat verib: bir müddət bundan öncə sözügedən ünvanda bir çox evin söküntüsünə və həmin yerdə hündürmərtəbəli binanın inşasına qərar verilib. Bu məqsədlə tender keçirilib və tenderdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun oğluna məxsus şirkət qalib elan edilib. Bundan sonra sakinlər ərazidən çıxarılıb, onların evləri sökülüb. Sakinlərə kirayə pulu vermək üçün kartlar paylanılıb və dekabr ayının kirayə pulu da həmin karta köçürülüb. Lakin yanvar ayı çoxdan başa çatsa da, vətəndaşlara hələ də ötən ayın kirayə pulu ödənməyib. Bu isə kirayədə qalan və kirayə haqqı ödəməli olan ailələri çətin vəziyyətdə qoyub. Vətəndaşlar ehtiyat edir ki, kirayə pullarının verilməsi uzana və ya digər ayların pulları verilməyə bilər.
Vətəndaşlar tərəfindən şirkət yetkililərinə edilən müraciətlərin cavabsız qaldığı bildirilir.
Redaksiyadan: Səsələnən iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aknews.az