Bu gün Azərbaycanda İrandakı savaşı “xeyirlə şərin mübarizəsi” kimi təqdim etməyə çalışanlar var. Kimisi tərəflərin hansınınsa marağına xidmət etdiyi, kimisi də səmimi olaraq buna inandığı üçün - biri İranı, digəri ABŞ ilə İsraili şər, qarşı tərəfi isə xeyir kimi göstərir...
Ancaq Azərbaycanın Qarabağdakı savaşı kimi azsaylı istisnaları çıxmaq şərtilə tarixdəki müharibələrin böyük əksəriyyəti – hər iki dünya müharibəsi və hazırda faktiki yaşanan üçüncü dünya müharibəsi (onun bir parçası olan İrandakı münaqişə də daxil olmaqla), xeyirlə şərin yox, daha çox bir şərlə digər şərin müharibəsidir. Çünki xeyir çoxdan, bəlkə də elə insan yarandığı gündən məğlub və təslim olub, hərdən filmlərdə, kitablarda, nadir hallarda isə həyatda qarşımıza çıxıb, tez bir zamanda da qeybə çəkilir. Odur ki, indi onu istər cəzasızlıqdan qudurmuş, qətliamlar, özbaşınalıqlar törədən İsrail ilə ABŞ-nin bombalarında, istərsə də başı kəsilmiş toyuq kimi qanını hər tərəfə bulaşdırmağa çalışan, dini, məzhəbi siyasi alətə çevirmiş irticaçı, mövhumatçı İran hakimiyyətinin PUA-larında, raketlərində axtarmaq axmaqlıqdır...
ABŞ və İsrail uzun illərdir apardıqları siyasət – işğalçılıq, hegemonluq iddiası və bunun üçün axıtdığı nahaq qanlara, Fələstində törətdiyi qətliama görə lənətləndiyi kimi, İrandakı hakimiyyət də ilk növbədə İrandakı xalqlara yaşatdığı müsibətlərə, haqsızlıqlara, qətliamlara, bu gözəl ölkəni bir neçə əsr geri atdığına, öz axmaq siyasəti ilə insanları səfalət halına gətirdiyinə, din pərdəsi arxasında gizlənərək etdiyi naqisliklərə və nəhayət, qonşu ölkələrdə, regionda törətdiyi fitnələrə, axıtdığı nahaq qanlara görə lənətlənib.
Ona görə bu savaş xeyirlə şərin yox, iki şərin, iki lənətlənmişin savaşıdır. Onun başlanma səbəbi isə ABŞ və İsrailin Yaxın Şərqi daim gərginlikdə saxlamaq, dini ayrı-seçkilik, məzhəbçilik yaratmaq və “xarici düşmən” obrazı üçün istifadə etdiyi İrandakı hakimiyyətin “istifadə müddəti”nin bitməsidir. Görünür, indi dünya hegemoniyasını qurmuş qüvvələrin prioritetləri, görmək istədiyi Yaxın Şərq mənzərəsi dəyişir və İrandakı indiki rejimin siması bu mənzərəyə uyğun deyil, nəticədə onun bütövlükdə gövdəsi olmasa belə, siması dəyişməlidir... Bunun üçün yüzlərlə uşağı belə öldürməkdən, günahsız insanların qanını tökmədən çəkinmirlər.
Bu gün hər iki tərəf Azərbaycanı öz yanında görmək istəyir. Biri hətta Azərbaycan buna getmədiyi üçün ölkəmizi hədələyir, aeroportumuzu vurur, burdakı əlaltılarını hərəkətə gətirməyə çaılşır.
Digəri daha güclü, daha hiyləgərdir və başqa oyunlarla, üsullarla ölkəmizi özünə tərəf çəkir, imperialist maraqlarına xidmət edən savaşa qoşmaq istəyir.
Bu vəziyyətdə Azərbaycanın başlıca vəzifəsi bu iki şərin arasında qalmamaqdır! Ümid edək ki, bunun daha düzgün yolunu, bizdən daha məlumatlı və təcrübəli olan dövlət rəhbərliyi daha yaxşı bilir...
Bu gün Azərbaycanda “İsraillə ABŞ əcəb edir” deyənlər nə qədər mənəviyyatsız, başıpozuq və təhlükəlidirlərsə, “ağam vay” deyib ağlayanlar, Naxçıvana edilən hücuma belə müxtəlif cür don geydirib İrandakı irticanı haqlı çıxarmağa çalışanlar, hətta bunu Azərbaycanın özünün edə biləcəyinə eyham vuranlar da bir o qədər, hələ ondan da artıq təhlükəlidirlər. Bunların əsas “arqumentləri” də İranın müsəlman ölkəsi olması, konspiroloji nəzəriyyələr donunda zühur edən cəfəngiyyat və qəbilə məzhəbçiliyindən ibarətdir. Onlar kimi düşünməyənlər isə “cahil”, hətta “kafirdir”. Məqsəd iki şərin savaşını dinə calamaqdır.
Əlbəttə, İsrail rejiminin nə dünən Qəzzada ağıtdığı qanları, on minlərlə günahsız insanın qanını tökməsini unutmaq mümkündür, nə də bu gün Tehranda onlarla məktəbli uşağı qətlə yetirməsinə, Təbrizdə, Ərdəbildə günahsız soydaşlarımızı şəhid etməsinə haqq qazandırmaq... Bu rejimin başında duranlar beynalxalq məhkəmələr tərəfindən bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham olunan insanlardır. Qana susamış bir zehniyyətin daşıyıcısı olanların İrana azadlıq, demokratiya gətirəcəyini düşünmək sadəlövlük, hətta axmaqlıq olar...
Ancaq İrandakı irticanın Azərbaycana vurduğu zərərləri, etdiyi xəyanətləri də əlbəttə ki, gözardı etmək olmaz... Başlıca ziyan isə heç də İranın başında duran zümrənin Ermənistanı “qırmızı cizgisi” elan edib işğalçıya açıq dəstək verməsi(Türkiyə istisna olmaqla Ermənistana kim dəstək verməyib ki), Qarabağdakı separatçılara nömrələrini dəyişdiyi maşınlarla yanacaq və silah daşıması, hətta ölkəmizi narkotik poliqonuna çevirməsi də deyil.
Onun ən böyük zərbəsi məmləkətimizdəki xüsusilə də savadsız kəsimin dini heysiyyatı ilə oynayaraq, qatı məzhəbçiliyi yayması, onu milli kimliyin, xalq, dövlət anlayışının üzərinə qaldıracaq səviyyədə təbliğ etməsi, beyinləri zəhərləməsi və bu yolla cəmiyyəti parçalamağa çalışmasıdır. Əlbəttə ki, bunlar eyni dərəcədə vəhabiliyi və ona yaxın cərəyanları yayan digər “məzhəbbazlara”, onların havadarlarına da aiddir...
İndi içimizdəki hər iki düşərgənin təmsilçilərinin – bir-birinə “İran agenti” və “İsrail agenti” deyib olmazın təhqirlər yağdıranların ölkəmizin əminamanlığı xatirinə edə biləcəyi ən yaxşı şey sadəcə, öz hikkəsini, kinini içində saxlayıb susmaqdır, aranı qatmamaq, xoruzlanmamaqdır!
İroniya vaxtı deyil, amma bəlkə də qonşuluqda baş verən iki şərin savaşına ən doğru, soyuqqanlı və sadə yanaşma məşhur filmimizdəki “İkinizi də Allah öldürsün, səni də, Hitleri də” yanaşmasıdır...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”
Aknews.az