Məleykə Abbaszadə bu dəfə də “imtahan”dan keçə bilmədi


Buraxılış imtahanının bu qədər çətin olması, qəlizləşdirilməsi heç cür başadüşülən deyil. Nə etmək istəyirlər, məqsəd nədir, bəlli deyil. Bundan təkcə valideyn və abituriyentlər narazı olsa, fikirləşmək olardı ki, qərəzdir. Müəllimlər də bildirir ki, suallar qəliz, vaxtaparan və uzundur. Dövlət İmtahan Mərkəzinin məqsədi nədir, nə etmək istəyirlər?
Bu sözləri Tribuna.az-a təhsil məsələləri üzrə ekspert Ramin Nuralıyev dünən baş tutan buraxılış imtahanları ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, DİM bu qədər tənqid və narazılıqdan nəticə çıxarmalıdır, lakin illərdir heç nə dəyişmir:

“700 müəllimin olduğu ortaq qruplarda müəllimlər belə narazılıq edir ki, suallar çətindir, qrammatika ilə bağlı suallar çoxdur, mətnlər uzundur. Hər il mətnlər daha da uzun tərtib edilir, ancaq imtahanın müddəti artırılmır.
Abituriyentlər sualların çətinliyindən yox, vaxt aparmasından narazılıq edir. Məntiqi sual, uzun mətn vaxt aparır və bu da zamanı daraldır. Abituriyentin həyacanını artırır. Nəyə lazımdır axı bu?
Ali məktəbə girmək asan, oxumaq və bitirmək çətin olmalıdı. Beynəlxalq təcrübədə belədir. Bizdə isə əksinə. Universitetə girmək, hazırlaşmaq, imtahan zülmdür. Ancaq oxumaq və bitirmək çox asandır. Belə olmamalıdır”.

Ekspert bildirib ki, balların bu qədər aşağı düşməsinə səbəb də məhz Dövlət İmtahan Mərkəzinin sualları hər il daha da çətinləşdirməsidir:

“Qəbul imtahanının bir qədər qəliz olmasını almaq olar. Ancaq buraxılış imtahanının çətin olması başadüşülən deyil. Sualları qəlizləşdirdikləri üçün də ballar bu qədər aşağı düşüb. Ötən il 206 balla pulsuza qəbul olanlar oldu. Bu sualların qəliz olmasından irəli gəlir ki, ballar bu qədər aşağı düşür. Sualları asanlaşdırmaq lazımdır ki, ballar da yüksəlsin. DİM-ə dəfələrlə belə təkliflərimiz olub, ancaq nəticə təəssüf ki, dəyişmir”.

Nigar İxtiyarqızı


Aknews.az

Xəbərlər