Moskvanın Strogin bulvarındakı mənzillərin birində dəhşətli qətl hadisəsi törədilib.
Aknews.az Rusiya mediasına istinadən xəbər verir ki, 48 yaşlı ev sahibəsi Yekaterina öz mənzilində vəhşicəsinə öldürülmüş halda tapılıb. Hadisə yerinə baxış keçirilən zaman mərhumun cəsədinin yanında bolqar aləti ilə kəsilərək açılmış boş seyf aşkar edilib. İlkin məlumatlara görə, ailə daşınmaz əmlak almaq üçün topladığı külli miqdarda nağd pulu həmin seyfdə saxlayırmış.
Yeniyetmə qızın aldadılması və hadisənin təfərrüatı
Cinayətin törədilməsi üçün cinayətkarlar mənfur bir plana əl atıblar. Fırıldaqçılar uzun müddət Yekaterinanın 16 yaşlı məktəbli qızını telefonla psixoloji təzyiq altında saxlayaraq onu qapını "hüquq-mühafizə orqanı əməkdaşına" açmağa razı salıblar. Ana evə qayıtdığı zaman içəridəki cani ona hücum edərək bıçaq zərbələri ilə qadını qətlə yetirib.
Şübhəli şəxs: Keçmiş "Ural" və "Rostov" futbolçusu
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən 20 yaşlı futbolçu Daniil Sekaç saxlanılıb. O, cinayət yerindən 14 kilometr uzaqlıqda, Zveniqorod şossesində yerləşən otellərin birində ələ keçirilib. Qeyd edək ki, gənc idmançı karyerası ərzində "Lokomotiv" akademiyasında yetişib, "Rostov"un gənclər komandasında və Yekaterinburqun "Ural" klubunda çıxış edib.
Futbolçunun ailəsi və keçmişdəki ağır qəza
Daniil Sekaçın atası Dmitri "Arsenal" komandasının məşqçisi, anası isə Rostov-na-Donu şəhərində dövlət xidmətləri mərkəzinin əməkdaşıdır. Futbolçunun həyatında 2019-cu ildə ağır həyt yaşandığı məlum olub; belə ki, ailəvi səyahət zamanı onların avtomobili qarşı yola çıxan maşınla toqquşub. Həmin qəzada Daniil kəllə-beyin travması və ayaq sınıqları alsa da, valideynləri daxili orqanların zədələnməsi diaqnozu ilə komaya düşmüşdülər. Hazırda istintaq bu ağır cinayətin motivlərini və digər iştirakçıların olub-olmadığını araşdırır.