Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış.
Lakin sonradan məlum olmuşdur ki,5 ədəd 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 aydır ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəfələrlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirmişdir. Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində işləyən Nurlan və İntiqam adlı vəzifəli şəxslərə isə 20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.
Budur, yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.
Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.
Digər tərəfdən də Bakı şəhər Prokurorluğunun Xətai rayon Prokurorluğuna göndərdiyi 3 dəfə təkrar məktublarından da aydın olur ki, baş vermiş hadisənin araşdırlması tələb olunur. Lakin çox təəssüflər olsun ki, Xətai Rayon Prokurorluğunun müstəntiqləri 24 gündür ki, qanunsuz evin tikintisi olan əraziyə nədənsə gedib çıxa bilmirlər.
Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir “makler” olan Tahir adlı fərdin özbaşnalıqlarına qanunvericilik daxilində son qoyulacaqdır.
Rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlar bunların tam əksini deyir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və fevralın 22-dək dam örtüyü işlərinin başa çatdırılması tapşırılmışdır.



