Azərbaycanda dövlət satınalmalarının şəffaflığı məsələsi yenidən gündəmə gəlib.
"DogruXeber.tv" bildirir ki, bu dəfə diqqət Gəncə şəhərində həyata keçirilmiş və “bir mənbə” üsulu ilə baş tutmuş yanacaq satınalmasına yönəlib. Söhbət Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinin 36 min manatlıq müqaviləsindən gedir.
Rəsmi məlumatlara görə, sözügedən qurum A-92 markalı benzin alınması üçün “QAYA 2705” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Satınalmanın ümumi məbləği 36.000 manat təşkil edir. Müqavilə 10 yanvar 2026-cı il tarixindən qüvvəyə minib və 10 yanvar 2027-ci ilə qədər nəzərdə tutulub. Maraqlı məqam isə odur ki, bu satınalma açıq tender yolu ilə deyil, “bir mənbə” üsulu ilə həyata keçirilib.
Gəncə İcra Hakimiyyətinə ciddi suallar: 36 min manatlıq “bir mənbə” müqaviləsinin arxasında nə dayanır?
Qanunvericiliyə əsasən, “bir mənbə” üsulu yalnız xüsusi hallarda – alternativ təchizatçının olmadığı və ya fövqəladə zərurət yarandığı zaman tətbiq edilməlidir. Lakin bu konkret halda belə bir zərurətin olub-olmadığı barədə ictimaiyyətə hər hansı əsaslandırma təqdim olunmayıb.
Araşdırma zamanı məlum olub ki, dövlət sifarişini qazanan “QAYA 2705” MMC geniş ictimaiyyət üçün tanınan şirkətlər sırasında deyil. Şirkət 2023-cü ildə qeydiyyatdan keçib və hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış mənzilinə qeyd olunub. Bu isə onun real fəaliyyət məkanı ilə bağlı suallar yaradır.

Bundan əlavə, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. Bu məbləğ qanunvericilik baxımından kifayət etsə də, yanacaq kimi strateji və geniş dövriyyə tələb edən sahədə fəaliyyət göstərmək üçün yetərli iqtisadi baza kimi qiymətləndirilmir.
Şirkətin qanuni təmsilçisi kimi Ağaxanov Anar Suliddin oğlunun adı göstərilir. Lakin açıq mənbələrdə bu şəxs və ya şirkətin fəaliyyəti ilə bağlı əlavə məlumatlara rast gəlinmir. Nə rəsmi internet səhifəsi, nə sosial media aktivliyi, nə də əvvəlki iri müqavilələr barədə məlumat mövcuddur.
Bu faktlar fonunda əsas suallardan biri belədir: kiçik kapitala və qeyri-şəffaf fəaliyyət profilinə malik bir şirkət necə olur ki, dövlət qurumunun yanacaq kimi mühüm ehtiyacını təmin edən tərəfdaşa çevrilir?
"DogruXeber.tv" qeyd edir ki, Azərbaycanda yanacaq bazarı əsasən iri şirkətlərin nəzarətindədir və bu sahədə fəaliyyət göstərmək üçün ciddi logistika, təchizat zənciri və infrastruktur tələb olunur. Bu baxımdan, yeni və kiçik şirkətlərin bu bazarda birbaşa təchizatçı kimi çıxış etməsi nadir hallarda baş verir. Belə hallarda həmin şirkətlərin vasitəçi kimi çıxış etməsi ehtimalı daha yüksək qiymətləndirilir.
36 min manatlıq müqavilə böyük dövlət layihələri ilə müqayisədə kiçik görünə bilər. Lakin minimal kapitala malik bir şirkət üçün bu məbləğ kifayət qədər ciddi maliyyə dövriyyəsi deməkdir və onun iqtisadi imkanları ilə müqayisədə diqqət çəkir.
Mövcud vəziyyət göstərir ki, “QAYA 2705” MMC rəsmi olaraq aktiv olsa da, onun fəaliyyətinin şəffaflığı və real biznes imkanları ilə bağlı suallar açıq qalır. Xüsusilə satınalmanın rəqabətsiz üsulla həyata keçirilməsi bu sualları daha da gücləndirir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi hələlik məlum deyil. Lakin ictimai maraq doğuran bu kimi hallarda şəffaflığın təmin edilməsi və qərarların əsaslandırılması vacib hesab olunur.
Araşdırmalar davam edir.
Qeyd edək ki, məsələ ilə bağlı tərəflərin dı mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.tv
Aknews.az