Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”


Bakıda burun əməliyyatından sonra vəfat edən 30 yaşlı Nəzrin Mansurlunun ölümü ilə bağlı məhkum olunan tanınmış plastik cərrah Sənan Mehdiyev bəraət almaq üçün mübarizəni davam etdirir.
Bakupost.az xəbər verir ki, daha əvvəl Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilən və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınan həkim daha sonra apellyasiya instansiyasına müraciət etmişdi.
Bakı Apellyasiya Məhkəməsi 7 yanvar 2026-cı il tarixli qərarı ilə ona Amnistiya aktı tətbiq edərək cəzadan tam azad edib.
Lakin Sənan Mehdiyev bununla kifayətlənməyib. O, sosial şəbəkə hesablarında Prezidentə müraciət edərək qanunsuz həbs olunduğunu, məhkəmələrin işi hərtərəfli araşdırmadan qərar çıxardığını bildirib.
Cərrah ittihamın əsassız və praktikada mümkün olmayan iddialara söykəndiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşma ölkədə fəaliyyət göstərən bütün həkimləri narahat etməlidir.
Sənan Mehdiyev Ali Məhkəməyə müraciət edərək tam bəraət istəyəcəyini açıqlayıb və bu prosesdə dövlət başçısından dəstək gözlədiyini qeyd edib.
Qeyd edək ki, tibbi cameədə Sənan Mehdiyev öz sahəsinin peşəkar mütəxəssislərindən biri kimi tanınır. Onun cinayət məsuliyyətinə cəlb olunması və məhkum edilməsi bir sıra həkimlər arasında da narazılıq doğurmuş, bəzi mütəxəssislər açıq şəkildə ona dəstək vermişdilər.
Xatırladaq ki, ittihama əsasən, Nəzrin Mansurlu 2025-ci ilin yanvarında keçirdiyi rinoplastika əməliyyatından sonra vəziyyəti ağırlaşaraq vəfat edib. İstintaq orqanı həkimi səhlənkarlıqda təqsirli bilib. Müdafiə tərəfi isə ittihamı qəbul etmir.
Aknews.az

Xəbərlər