Ukrayna ordusu işğal altındakı Arabat dilində yerləşən Şastlıvtseve kəndində (Xerson vilayəti) Rusiyanın Federal Cəzaların İcrası Xidmətinin əməkdaşlarını dronlarla hədəfə alıb.
Danilovun sözlərinə görə, hadisə səhər toplanışı zamanı baş verib. O bildirib ki, dörd dron Rusiya Federal Cəzaların İcrası Xidməti əməkdaşlarına zərbə endirib. Onun iddiasına əsasən, həmin şəxslər Geniçesk və Çonqardakı həbsxanalarda saxlanılan ukraynalı əsirlərə qarşı zorakılıqlarda iştirak ediblər. Danilov əlavə edib ki, Arabat dilinə Simferopol istintaq təcridxanalarından yeni əməkdaşlar da göndərilib.
Sergey Danilov ölənlərin sayının məlum olmadığını, amma xəstəxananın yaralılarla dolu olduğunu və yaralıların bir hissəsinin təcili yardım maşınları ilə Krıma aparıldığını qeyd edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin payızında Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsini, o cümlədən Xerson şəhərini azad edib. Vilayətin Dneprin sol sahilində yerləşən hissəsi isə hazırda Rusiya qüvvələrinin nəzarəti altındadır.
Aknews.az