Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mərkəzi Aran iqtisadi rayonlarında erkən nikah probleminin təhlili” layihəsi çərçivəsində Yevlax rayonunda maarifləndirici görüşlər təşkil olunub.
Layihənin əsas məqsədi erkən nikahların yaratdığı sosial, hüquqi, psixoloji və təhsil problemləri barədə yeniyetmələrin məlumatlandırılması, onların bu istiqamətdə maarifləndirilməsi və erkən nikahların qarşısının alınmasına ictimai dəstəyin gücləndirilməsidir.
Layihə çərçivəsində Yevlax rayonunun Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbində və aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil nəktəbində maarifləndirici tədbirlər keçirilib. Hər iki təhsil müəssisəsində təşkil olunan görüşlərdə ümumilikdə 100 şagird iştirak edib. Tədbirlərin hər birində 50 nəfər şagird erkən nikahların fəsadları, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri, təhsilin əhəmiyyəti və sağlam ailə dəyərləri barədə ətraflı məlumatlandırılıb.
Görüşlər zamanı təlimçilər və layihə nümayəndələri tərəfindən erkən nikahların yeniyetmələrin gələcək həyatına, təhsil imkanlarına, sosial inkişafına və psixoloji vəziyyətinə göstərdiyi mənfi təsirlər barədə təqdimatlar edilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə regionda erkən nikah probleminin daha dərindən öyrənilməsinə, ictimai maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsinə və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.









