Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu


“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.
“İdeal TM” QSC Xətai rayonu, Gəncə prospekti 35 ünvanında yerləşən 2 saylı qazanxananın yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Yenidənqurma işlərinin dəyəri 779 999,99 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İdeal TM” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti 44C, mənzil 0-da yerləşir. Qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.
Açıq mənbələrdə şirkət haqqında geniş məlumat yoxdur.

Əfqan Əliyev eyni zamanda “NN Group” MMC-nin rəhbəridir. Onun barəsində 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, ötən il “Azəristiliktəchizat” ASC ilə “İdeal TM” QSC arasında ümumi dəyəri 4 390 569,55 manat olan satınalma müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində yeddi qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə bağlı tikinti-quraşdırma, sınaq və sazlama işlərinin satın alınması nəzərdə tutulub.

“Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədri İlham Mirəzliyevdir. O, 2025-ci ildən bu vəzifəni icra edir.

Qaynarinfo

Aknews.az

Xəbərlər