Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib


Bolqarıstanın xarici işlər naziri Velislava Petrova pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olması ilə əlaqədar Ukraynanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib.
Bu barədə Bolqarıstan XİN-in məlumatında deyilir.

"İlkin təhlil göstərir ki, bu, böyük ehtimalla Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi "Mayya" yayındırıcı pilotsuz uçuş aparatıdır. Söhbət zamanı nazir Petrova Bolqarıstan tərəfinin ciddi narahatlığını ifadə edib və vurğulayıb ki, Bolqarıstanın hava məkanına hər hansı icazəsiz daxil olma yolverilməzdir", - məlumatda bildirilir.

Bolqarıstan tərəfi Ukraynaya müraciət edərək hadisənin baş vermə hallarının tam aydınlaşdırılmasına kömək edə biləcək bütün mövcud məlumatları təqdim etməyi xahiş edib. V.Petrova bildirib ki, gələcəkdə bu cür halların qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi Bolqarıstan üçün son dərəcə vacibdir. İki ölkənin səlahiyyətli orqanları arasında birbaşa və səmərəli rabitə kanallarının zəruriliyi vurğulanıb.

"Pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olması ilə əlaqədar Bolqarıstan Rumıniya tərəfi ilə də əlaqə saxlayır. V.Petrova həmçinin Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərini insident və Bolqarıstanın gördüyü tədbirlər barədə məlumatlandırıb. Çərşənbə günü NATO müttəfiqləri arasında da bu məsələ ilə bağlı məlumat mübadiləsi gözlənilir", - Bolqarıstan XİN-dən qeyd edilib.

Aknews.az

Xəbərlər