300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?


Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı ilə bağlı iddialar səngiməmiş, bu dəfə redaksiyamıza rayon sakinindən yeni şikayət daxil olub. Ayrı-ayrı vaxtlarda gündəmə gələn hadisələrin hər birində eyni qurumun – Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adının hallanması isə artıq təsadüfi görüntüdən çox, idarəçiliklə bağlı ciddi suallar doğuran mənzərə yaradır.
Xətai rayonu, Ramiz Quliyev küçəsi 2B ünvanında yaşayan Rəşad Hacıyev redaksiyamıza müraciət edərək bildirib ki, gecə saat 23:50 radələrində yaşadığı mənzilin qapısı qəfil və çox sərt şəkildə döyülməyə başlayıb. Şikayətçinin sözlərinə görə, gecənin həmin vaxtında baş verən hadisə ev sakinlərində ciddi təşviş və narahatlıq yaradıb.

Rəşad Hacıyev bildirir ki, qapının arxasında Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Rəşad Quliyevi gördükdən sonra ondan gecənin bu saatında ailəni narahat etməsinin səbəbini soruşub.

BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Rəşad Quliyev Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində mühəndis vəzifəsində çalışır.

Vətəndaşın sözlərinə görə, mühəndis Rəşad Quliyev ona bildirib ki, idarənin daş hasarının çöl hissəsində saxladığı avtomobil ərazidən götürülməlidir. Buna səbəb isə həmin əraziyə daha əvvəl sökülmüş dəmir qaraj konstruksiyasının yerləşdirilməsinin nəzərdə tutulması olub.

Məsələ də məhz burada sual doğurur.

Əgər Xətai MKTB-nin həmin ərazidə gecə saatlarında hər hansı daşınma və ya konstruksiya yerləşdirmək planı var idisə, vətəndaş niyə gündüz saatlarında xəbərdar edilməyib?

- Niyə həmin ərazi əvvəlcədən nəzarətə götürülməyib?

- Niyə avtomobillərin saxlanmasının müvəqqəti qadağan edildiyini göstərən xəbərdarlıq nişanı və ya məlumat lövhəsi yerləşdirilməyib?

- Niyə bir kommunal qurumun təşkilati işinin düzgün qurulmamasının əziyyətini gecə saat 23:50-də öz evində istirahət edən sakin çəkməlidir?

- Dəmir konstruksiyanın daşınması doğrudanmı o qədər təxirəsalınmaz məsələ olub ki, bunun üçün vətəndaşın gecəyarısı qapısı döyülməli idi?

Üstəlik, söhbət sıravi və təsadüfi şəxsdən deyil. Redaksiyanın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, vətəndaşın qapısına gedən Rəşad Quliyev həmin kommunal qurumda mühəndis vəzifəsində çalışır. Bu isə məsuliyyət məsələsini daha da aktuallaşdırır.

- Mühəndis Rəşad Quliyev gecə saat 23:50-də vətəndaşın qapısına kimin göstərişi ilə gedib?

- Bu, Xətai MKTB rəhbərliyinin tapşırığı olub, yoxsa əməkdaş öz təşəbbüsü ilə hərəkət edib?

- Əgər göstəriş rəhbərlik tərəfindən verilibsə, nə üçün vətəndaşa gündüz saatlarında zəng etmək, xəbərdarlıq etmək və ya ərazidə müvafiq nişan yerləşdirmək əvəzinə gecəyarısı mənzilin qapısını döymək üsulu seçilib?

Rəşad Hacıyev baş verənləri özünə və ailəsinə qarşı hörmətsizlik kimi qiymətləndirir. Onun sözlərinə görə, qapının gecə saatlarında sərt şəkildə döyülməsi ailə üzvlərində ciddi stress və həyəcan yaradıb.

Burada söhbət təkcə avtomobilin bir yerdən başqa yerə çəkilməsindən getmir. Dövlət və ya kommunal xidmət funksiyası həyata keçirən qurumun əməkdaşı ilə vətəndaş arasındakı münasibətin hansı çərçivədə qurulmasından gedir. Vətəndaşa xidmət göstərməli olan idarənin əməkdaşı onun rahatlığını pozan tərəfə çevrilirsə, artıq həmin qurumda idarəçilik və əməkdaşların davranış qaydaları barədə suallar yaranır.

Ən diqqətçəkən məqam isə budur ki, Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adı bundan əvvəl də müxtəlif narazılıqlarda hallanıb.

Bir müddət əvvəl Xətai rayonunda təmizlik işlərində çalışan bir qrup süpürgəçi qadının narazılığı mediada gündəmə gəlmişdi. Həmin şəxslər maaşlarının 750 manatdan 500 manata endiriləcəyinin onlara bildirildiyini iddia etmiş, bunun səbəbinin açıqlanmadığını demişdilər.

Şikayətçi qadınlar kommunal təsərrüfatda yalnız küçə süpürməklə kifayətlənmədiklərini, onlara müxtəlif ağır işlərin də gördürüldüyünü bildirərək “süpürgəçinin puluna göz dikən məmur kimdir?” sualını səsləndirmişdilər.

Bir tərəfdə küçədə fiziki əməklə çalışan qadınların maaşının azaldılması ilə bağlı şikayətlər, digər tərəfdə isə həmin qurumun rəhbərinin adına yüz minlərlə manatlıq əmlakın olması barədə mediada yayılan məlumatlar ictimaiyyət üçün təbii olaraq suallar yaradır.

Mediada daha əvvəl yayılan məlumatlara görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi, giriş 114 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adına sənədləşdirildiyi bildirilib.

Həmin məlumatlarda obyektin sənədlərdə təxminən 50 kvadratmetr göstərildiyi, faktiki sahəsinin isə daha böyük olduğu iddia edilib. Obyektin bazar qiymətinin 250-300 min manat civarında qiymətləndirildiyi də mediada yer alan məlumatlar sırasındadır.

Məsələ ilə bağlı daha əvvəl Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən verilən açıqlamada sözügedən qeyri-yaşayış sahəsinin Fəxrəddin Məmmədova məxsus olduğu təsdiqlənib, lakin həmin obyektin fəaliyyət göstərmədiyi bildirilib.

Əlbəttə, hər hansı vəzifəli şəxsin adına daşınmaz əmlakın olması avtomatik olaraq qanun pozuntusu demək deyil. Eyni zamanda əmlaka sahibliklə sahibkarlıq fəaliyyəti arasında da hüquqi baxımdan bərabərlik işarəsi qoymaq olmaz. Lakin yüksək vəzifə daşıyan şəxslərin əmlakı, həmin əmlakın əldə olunma mənbələri və ondan hansı məqsədlə istifadə edilməsi ictimai maraq doğurursa, ən düzgün yol bu suallara şəffaf və əsaslandırılmış cavab verməkdir.

İndi isə əvvəlki əmlak və süpürgəçilərin maaşları ilə bağlı narazılıqların üzərinə daha bir hadisə – kommunal qurumun mühəndisinin gecə saat 23:50-də vətəndaşın qapısına getməsi ilə bağlı şikayət əlavə olunur.

- Kommunal qurumun işi insanların yaşayış şəraitini yaxşılaşdırmaq, küçələrin, binaların və ümumi istifadə sahələrinin normal vəziyyətini təmin etməkdir. Vətəndaşın gecəyarısı qapısının döyülərək narahat edilməsi isə bu xidmət anlayışının hansı məntiqinə sığır?

BakuNews.az olaraq Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədova açıq suallar ünvanlayırıq:

- Mühəndis Rəşad Quliyevin gecə saat 23:50-də vətəndaş Rəşad Hacıyevin yaşadığı mənzilə getməsi barədə göstərişi kim verib?

- Əgər ərazidə avtomobillərin saxlanılması görüləcək işlərə maneə yaradırdısa, niyə sakinlər bu barədə gündüz saatlarında xəbərdar edilməyiblər?

- Niyə ərazidə müvafiq xəbərdarlıq və ya qadağanedici nişan yerləşdirilməyib?

- Rəşad Quliyevin vətəndaşla davranışı və gecə saatlarında mənzilə getməsi ilə bağlı xidməti araşdırma aparılacaqmı?

- Süpürgəçilərin maaşlarının 750 manatdan 500 manata endirilməsi ilə bağlı daha əvvəl səsləndirilmiş iddialara rəhbərlik hansı cavabı verir?

- Fəxrəddin Məmmədova məxsus olduğu qurum tərəfindən təsdiqlənən Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi hazırda hansı məqsədlə istifadə olunur və orada sahibkarlıq fəaliyyəti həyata keçirilirmi?

Bir idarənin fəaliyyətini yalnız küçələrin süpürülməsi, tullantıların daşınması və binaların ətrafının təmizlənməsi ilə ölçmək olmaz. Vətəndaşa münasibət, işçinin əmək hüquqlarına yanaşma, idarəçilik mədəniyyəti, əməkdaşların davranışı və ictimai suallar qarşısında şəffaflıq da həmin rəhbərliyin fəaliyyət göstəricisidir.

BakuNews.az olaraq məsələdə adı çəkilən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qurumun rəisi Fəxrəddin Məmmədovun və mühəndis Rəşad Quliyevin mövqeyini dərc etməyə hazırıq.

Aknews.az

Xəbərlər