“Tərkibindəki kofein daha çox yemək istəyinə yol aça bilər” - Sosial şəbəkələrdə satılan arıqladıcı kofelərlə bağlı XƏBƏRDARLIQ


Redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, sosial şəbəkələrdə “arıqlamaq_daha_asan” adlı səhifə vasitəsilə arıqlamaq məqsədilə “Viejo Resveratrol Mozambican Coffee” adlı məhsul alıb. Onun sözlərinə görə, məhsulu qəbul etdikdən sonra nə çəkisində, nə də iştahında azalma müşahidə olunub. Əksinə, vətəndaş məhsulu qəbul etdikdən sonra iştahının daha da artdığını iddia edib.
Bəs arıqlamaq məqsədilə satılan bu tip kofe məhsulları bəzi insanlarda iştahın artmasına səbəb ola bilərmi? Belə məhsulların tərkibində hansı maddələrə diqqət yetirilməlidir və onların mümkün yan təsirləri nələrdir?

Məsələ ilə bağlı Patrul.az-a açıqlama verən qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, arıqlama vədi ilə satılan məhsulların tərkibində olan kofein hər bir insana fərqli təsir göstərə bilər.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bu cür məqsədlərlə satılan kofe məhsullarının hər kəsdə eyni nəticəni verməsi gözlənilmir:

“Arıqlama məqsədilə sosial şəbəkələrdə satılan kofe məhsullarının hər kəsdə eyni nəticəni verməsi gözlənilmir. Xüsusilə “təbii”, “metabolizmi sürətləndirir”, “iştahanı kəsir” və ya “sürətli arıqladır” kimi təqdim olunan məhsulların təsiri onların real tərkibindən və insanın fərdi xüsusiyyətlərindən asılıdır. Konkret olaraq “Viejo Resveratrol Mozambican Coffee” məhsulunun bu şəxsdə iştahanı artırmasına səbəb olduğunu yalnız məhsulun tərkibi və digər amillər araşdırıldıqdan sonra demək mümkündür.

Ümumiyyətlə, bəzi arıqlama məhsullarında kofein və digər stimullaşdırıcı maddələr ola bilər. Kofein bəzi insanlarda qısa müddət ərzində iştahanın azalmasına və ayıqlığın artmasına səbəb ola bilər, lakin bu təsir hamıda eyni olmur. Əksinə, bəzi şəxslərdə yuxusuzluq, narahatlıq və stress yarada bilər. Yuxu rejiminin pozulması və gün ərzində enerji ehtiyacının artması isə dolayı yolla daha çox yemək istəyinə səbəb ola bilər. Həmçinin məhsulun qəbulundan sonra insanın “arıqlamağa kömək edir” düşüncəsi ilə qidalanmasına daha az nəzarət etməsi də mümkündür”.

F. Səfərov sosial şəbəkələrdə bu cür məhsulları alan şəxslərə diqqət etməli olduqları məqamlarla bağlı da məsləhətlər verib:

“Belə məhsullarda yaşıl qəhvə ekstraktı, yaşıl çay ekstraktı, resveratrol, xrom, müxtəlif bitki ekstraktları və digər “fat burner” komponentlərinə rast gəlmək mümkündür. Bunların hər birinin təsiri və təhlükəsizlik profili fərqlidir. Xüsusilə tərkibi tam göstərilməyən, dozası məlum olmayan və yalnız sosial şəbəkələr üzərindən satılan məhsullara ehtiyatla yanaşmaq lazımdır.

İstehlakçı məhsul alarkən ilk növbədə istehsalçı, dəqiq tərkib, hər bir maddənin miqdarı, istifadə qaydası, son istifadə tarixi, partiya nömrəsi və məhsulun qanuni dövriyyədə olub-olmaması barədə məlumatları yoxlamalıdır. “100 faiz təbii olduğu üçün yan təsiri yoxdur” fikri doğru deyil. Bitki mənşəli maddələr də ürəkdöyünmə, təzyiq dəyişiklikləri, mədə-bağırsaq narahatlığı, baş ağrısı, əsəbilik, yuxusuzluq və allergik reaksiyalar yarada bilər.

Daha ciddi problem isə bəzi arıqlama məhsullarının etiketdə göstərilməyən farmakoloji aktiv maddələrlə adulterasiya olunmasıdır. Bu səbəbdən tərkibi və mənşəyi şübhəli olan, “çox qısa müddətdə çox kilo arıqladır” vədi verən məhsullara xüsusilə diqqətli olmaq lazımdır”.

Həmsöhbətimiz sonda gözlənilən nəticəni verməyən arıqlama məhsullarının qəbulunu davam etdirməməyi və dozanı özbaşına artırmamağı tövsiyə edib:

“Nəticə olaraq, bir insanın belə kofeni qəbul etdikdən sonra iştahının artması mümkündür, amma bunu məhsulun konkret olaraq iştahaartırıcı olması kimi qiymətləndirmək düzgün olmaz. Arıqlama məqsədilə istifadə olunan məhsul gözlənilən effekti vermirsə, dozanı artırmaq və ya daha uzun müddət qəbul etmək əvəzinə onun istifadəsini dayandırmaq və tərkibini mütəxəssis tərəfindən qiymətləndirmək daha təhlükəsiz yanaşmadır.

Sağlam qidalanaraq sağlam yaşayın!”

Aknews.az

Xəbərlər