Azərbaycanın demək olar ki, bütün marketlərində satılan konservləşdirilmiş məhsullar əsasən yerli istehsaldır və bu bazarda əsas pay sahiblərindən biri “Azərsun Holdinq” hesab olunur. Ölkənin qida təminatında mühüm rol oynayan holdinqin konserv məhsulları ilə bağlı isə son dövrlər istehlakçılar tərəfindən ciddi narazılıqlar səsləndirilir.
XALQ bildirir ki, “Azərsun Holdinq”in fəaliyyət sahəsinə daxil olan müəssisələrdə “Bizim Tarla”, “Bostan”, “Final”, “Blendo” markaları altında tərəvəz turşuları, badımcan kürüsü, tomat pastası və digər konservləşdirilmiş məhsullar istehsal olunur. Xüsusilə “Bizim Tarla” markası Azərbaycan brendi kimi təqdim edilir və geniş istehlakçı auditoriyasına malikdir.
Lakin bu məhsulları alan bir çox vətəndaş açıq şəkildə şahidi olur ki, qablaşdırma açıldıqda məhsulun üzərində qaralmış, qurumuş və ya az miqdarda kiflənmiş qat müşahidə olunur. Adətən istehlakçılar həmin qaralmış və ya kiflənmiş hissəni qaşıqla götürüb atır, alt qatdakı məhsulu istifadə edirlər. Halbuki mütəxəssislərin fikrincə, belə hallarda məhsul artıq təhlükəli hesab olunur. Çünki kif və qaralma yalnız görünən hissə ilə məhdudlaşmır, toksinlər bütün məhsula yayıla bilər və bu cür qidanın istifadəsi sağlamlıq üçün risk yaradır.
İstehlakçıların müşahidələrinə görə, bu cür hallar xüsusilə “Azərsun Holdinq”in “Bizim Tarla” və “Bostan” markalı tərəvəz turşuları, badımcan kürüsü və tomat pastalarında daha açıq şəkildə görünür.
Xüsusi diqqət edilməsi məqamlar bunlardır.
Konservləşdirilmiş qida məhsullarının qablaşdırması açıldıqda üzərində qaralma, quruma və ya az miqdarda kiflənmə müşahidə olunması qida təhlükəsizliyi baxımından ciddi risk əlaməti hesab olunur. Mütəxəssislərin izahına görə, məhsulun üz qatının qaralması əsasən oksidləşmə prosesi ilə bağlıdır. Bu hal bankanın içində vakuumun düzgün formalaşmaması, qapağın tam hermetik bağlanmaması və ya məhsulun uzun müddət saxlanması zamanı hava ilə təmas nəticəsində yaranır. Xüsusilə yağ tərkibli konservlərdə – badımcan kürüsü, tomat pastası və oxşar məhsullarda bu proses daha sürətli gedir.
Üzərində kif əmələ gəlməsi isə məhsulun mikrobioloji cəhətdən artıq yararsız olduğunu göstərir. Qida təhlükəsizliyi sahəsində qəbul olunmuş elmi qaydalara görə, kif yalnız görünən səthlə məhdudlaşmır. Kif göbələkləri məhsulun daxilində mikotoksinlər adlanan zəhərli maddələr ifraz edir. Bu toksinlər dad, qoxu və ya rəng dəyişikliyi ilə hər zaman hiss olunmur və hətta qaynatma, qızartma zamanı belə məhv olmur.
Bu səbəbdən konserv məhsulunun üzərində olan kifli və ya qaralmış qatın qaşıqla götürülərək atılması və alt hissənin istifadə olunması təhlükəsiz hesab edilmir. Belə məhsulların qəbulu aşağıdakı fəsadlara yol aça bilər – mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, ishal), qarın ağrıları və zəhərlənmə əlamətləri, qaraciyər funksiyalarının pozulması, immun sisteminin zəifləməsi, uzunmüddətli istifadədə xroniki sağlamlıq problemləri cə sairə.
Qida təhlükəsizliyi normalarına əsasən, konserv məhsulunda kif və ya ciddi qaralma əlaməti aşkar edildikdə, həmin məhsul tamamilə yararsız sayılır və utilizasiya edilməlidir.
Daha bir mühüm məqam isə məhsulların istehsal ili, saxlanma müddəti və qiymət siyasəti ilə bağlıdır. Hazırda satışda olan konservləşdirilmiş məhsulların əhəmiyyətli hissəsi əvvəlki illərdə 2024–2025-ci illərdə istehsal olunmuş məhsullardır. Qaydalara uyğun saxlanıldıqda konserv məhsullarını 2–3 il saxlamaq mümkün olsa da, əsas problem bu məhsulların qiymətinin yeni bazar şərtlərinə uyğunlaşdırılaraq satılmasıdır.

