Gədəbəydə məmur özbaşınalığı... - Zəfər Parkındakı 120 minlik fəvvarə nədən işləmir?


Bölgələrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı növbəti iddia Gədəbəy rayonundan gəlib. Yerli sakinlərin gundemxeber.org-a verdiyi məlumatlara əsasən, rayonda həyata keçirilən bəzi abadlıq-quruculuq işlərində ciddi maliyyə yeyintilərinə və maxinasiyalara yol verilib.

Gədəbəydə məmur özbaşınalığı... - Zəfər Parkındakı 120 minlik fəvvarə nədən işləmir?


İddiaların mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Orxan Mürsəlov və onunla bərabər çalışan, hazırda isə Göyçay rayonuna aparıldığı bildirilən kadrı Fuad Bayramov durur.

Fəvvarəyə silinən 120 min manat və acınacaqlı mənzərə

Sakinlərin bildirdiyinə görə, Fuad Bayramov Gədəbəydə çalışdığı dövrdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iri məbləğdə vəsaitlərin mənimsənilməsindəiştirak edib. Şikayətdə xüsusilə 2023-cü ildə Gədəbəyin mərkəzində yerləşən Zəfər Parkında inşası həyata keçirilən fəvvarə (fontan) layihəsi qeyd olunur.


Məsələ ilə bağlı sakinlərdən biri parkdakı acınacaqlı vəziyyəti belə təsvir edir:

“2023-cü ildə Fuad Bayramovun Gədəbəyin mərkəzində tikdirdiyi Zəfər Parkındakı fəvvarəyə baxın. Görün nə gündədir... Artıq fəvvarə adına yalnız bərbad vəziyyətini görürük. Fəvvarənin işləməsindən söz gedə bilməz — mühərriki partlayıb, sağ-solu sökülüb. Hardasa 100–120 min manat belə bura pul yazılıb. Camaat istirahətə gəlir, amma qarşılaşdıqları mənzərə göz qabağındadır.”

İstirahət məkanı, yoxsa maxinasiya meydanı?

Sakinlər qeyd edirlər ki, rayon sakinlərinə və şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq salınmış Zəfər Parkında bu cür maxinasiyaların edilməsi mənəvi baxımdan da qəbuledilməzdir. Kağız üzərində yararlı və baha qiymətə başa gəlmiş kimi qələmə verilən fəvvarənin mühərrik hissəsinin sıradan çıxması, ətrafının sökülüb bərbad hala düşməsi ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair ciddi şübhələr doğurur.


İcra hakimiyyəti dəyişdi, cavabdehlik kimdə qaldı?

Orxan Mürsəlovun Gədəbəydən sonra Göyçay Rayon İcra Hakimiyyətinə başçı təyin olunması və Fuad Bayramovun da onunla birgə yeni təyinat yerinə aparılması yerli sakinlərdə narahatlıq yaradıb. Onlar bildirirlər ki, Gədəbəydə böyük məbləğdə büdcə vəsaitlərinin silinməsinə rəvac verən şəxslərin cavabdehlikdən yayınaraq başqa rayonda analoji fəaliyyətlərini davam etdirməsi arzuolunmazdır.

Gədəbəy sakinləri aidiyyəti hüquq-muhafizə orqanlarından və Hesablama Palatasından Zəfər Parkındakı fəvvarənin inşasına ayrılan 120 min manatlıq vəsaitin xərclənmə istiqamətlərinin araşdırılmasını və məsələyə hüquqi qiymət verilməsini xahiş edirlər.(Gundemxeber.org)

Aknews.az

Xəbərlər