Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi


Olqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə 1000 manat maaş alması barədə arayış təqdim edib. Uzun illər (2005–2021-ci illər) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) satın alma və təchizat məsələləri üzrə vitse-prezidenti olmuş Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin məhkəməyə təqdim etdiyi sənədlər və tutduğu mövqe hüquqi ziddiyyətlərlə yanaşı, sosial rezonans doğurub. Onun adından məhkəməyə təqdim olunan sənəddə Orxan İsmayılzadənin “Meqa Həyat Sığorta” ASC-nin Risklərin idarə olunması Departamenti / Sığorta və Bazar riskləri şöbəsində Baş mütəxəssis kimi işə başladığı və aylıq əmək haqqının cəmi 1000 manat olduğu bildirilir. Vəkili məhkəmədən xahiş edib ki, aliment təyin olunarkən məbləğ ayda cəmi 250 manat həcmində tutulsun.
Maraqlıdır ki, ötən il Sabunçu rayon Məhkəməsində Orxan İsmayılzadənin aliment ödənişindən yayınması ilə bağlı icra məmurunun vəsatətinə baxılmışdı. O zaman elektron sistem vasitəsilə əldə edilən rəsmi məlumatlar bu gün 1000 manat maaşla keçindiyini bəyan edən keçmiş vitse-prezident oğlunun əsl maliyyə imkanlarını ortaya qoymuşdu.

Rəsmi reyestr çıxarışlarına əsasən, Orxan İsmayılzadənin şəxsi mülkiyyətində nəhəng daşınmaz əmlak və lüks avtomobil kolleksiyası mövcuddur:

Bakıda 2 ədəd qeyri-yaşayış binası – qeydiyyat №: 11170860XX, reyestr №: 010011001574-063XX və qeydiyyat №: 11191275XX, reyestr №: 009011001446-063XX;

Bakıda 2 ədəd mənzil – qeydiyyat №: 11160783XX, reyestr №: 004011000770-051XX-0930XX və qeydiyyat №: 11241197XX, reyestr №: 008011002025-051XX-0930XX;

1 ədəd fərdi yaşayış evi – qeydiyyat №: 11190193XX, reyestr №: 007011004799-103XX);

Lüks minik avtomobilləri: 2008-ci il istehsalı ağ rəngli “Hummer H3 Alfa” və 2017-ci il istehsalı göy metalik rəngli “Porsche Panamera Turbo”.

Açıq mənbələrdə və mətbuatda dəfələrlə qeyd olunub ki, Mikayıl İsmayılov SOCAR-da çalışdığı uzun illər ərzində nəhəng maliyyə imkanlarına və topdağıtmaz sərvətə sahib olub. Yerli mətbuatda onun Bakı şəhərində (Şağan və digər ərazilərdə), eləcə də ölkədən kənarda milyonluq villa və obyektlərinin, o cümlədən kənd təsərrüfatı və aqropark bizneslərinin olmasına dair çoxsaylı iddialar dərc olunub.

Atasının bu miqyasda nəhəng sərvətinə və özünün çoxsaylı mənzillərinə, qeyri-yaşayış binalarına, “Porsche Panamera Turbo” və “Hummer” kimi super-lüks avtomobillərinə baxmayaraq, Orxan İsmayılzadənin öz övladına ayrılacaq aliment ödənişini minimuma endirmək üçün “1000 manatlıq maaş” sənədini ortaya çıxarması dərin ziddiyyətlər yaradır.

Ölkənin ən imkanlı sabiq məmurlarından birinin ailə üzvünün övladını rəsmən etiraf etməkdən yayınması və bazar dəyəri milyonlarla ölçülən varidat fonunda cəmi 250 manat alimentlə məsuliyyətdən yayınmağa çalışması ciddi suallar doğurur. İndi bütün diqqətlər Ali Məhkəməyə yönəlib.

Xatırladaq ki, Orxan İsmayılzadə artıq bir neçə ildir ki, qızı Nil İsmayılzadənin saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimenti ödəməkdən yayınır. Hətta buna görə barəsində ötən il həbsli axtarış da elan olunub.

O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi məhkəmə qərarını icra etməkdən yayınması idi. 2024-cü ildə Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu aliment ödəməkdən ən müxtəlif bəhanələrlə yayınıb, yalnız məcburi icra tədbirləri işə salınandan sonra aliment ödənişini həyata keçirib.

Sabunçu, Xətai, Apellyasiya Məhkəmələrinin qərarlarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, o, Nil Abbasovanın atasıdır və ya deyil.

Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi ümumilikdə 10-a yaxın atalıq testindən keçməkdən ən müxtəlif səbəblərlə yayınıb.

Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri, qızına ayda cəmi 500 manat aliment ödəməkdən ən müxtəlif yollara baş vurmaqla yayınmağa çalışır.

Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.

Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir. Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:

Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.

Bakıda iki 16 mərtəbəli yaşayış binaları. “Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.

Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.

Ağsu parkında aptek və restoran – yeznəsinin adına.

Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr…

Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilir, bütün bunlar keçməyəndə ortaya 1000 manatlıq arayış çıxır.

Son sözü Ali Məhkəmə deyəcək – kağız üzərindəki 1000 manatlıq maaş arayışı əsas götürüləcək yoxsa oliqarx İsmayılovun, onun oğlunun real maliyyə imkanlarına və nəhəng əmlak kolleksiyasına əsasən ədalətli qərar çıxaracaq?

Mövzuya qayıdacağıq.

Musavat.com

Aknews.az

Xəbərlər