Faktum.az: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında şəhərsalma elminə, tikinti normativlərinə və məntiqə meydan oxuyan növbəti bir “fırçası” çəkilir.
Çoxmərtəbəli yaşayış binasının üzərinə bir qədər də mərtəbə “calamaq” həvəsinə düşənlər, görünür, ədəbiyyat tariximizdəki “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını reallaşdırmaq qərarına gəliblər.
Ortada nə şəhərsalma qaydaları var, nə də sakinlərin təhlükəsizliyi barədə düşünən. Şəhərin tən ortasında, hər kəsin gözü önündə ucaldılan bu qanunsuz örtük həm mənzil fondunun möhkəmliyinə balta vurur, həm də sakinlər üçün birbaşa potensial təhlükə mənbəyinə çevrilir.
Maraqlıdır, bu cür “yaradıcılıq” hansı məmurun kabinetindəki “xeyir-dua” ilə yol alıb?
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu vizual “şahəsərdən” xəbərdardırsa, niyə susur?
Əgər xəbərsizdirsə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin gözü önündə göyə ucalan bu tikinti hansı gizli texnologiya ilə həyata keçirilir?
Faktum.az olaraq bildiririk: Sumqayıtdakı bu özbaşınalıq, kiminsə şəxsi tamahının sakinlərə sirayət edən təhlükəli təzahürüdür. Aidiyyəti qurumlardan rəsmi reaksiya tələb edir, qarşı tərəfin də cavabını dinləməyə hazır olduğumuzu bəyan edirik.
Aknews.az