Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin satın alınması üzrə keçirilən açıq tender prosedurunda “HÜNƏR-İNŞAAT” FİRMASI (1500271551) qalib elan edilmiş və qeyd edilən şirkət ilə 3.186.650,00 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmalarım portalında 24.10.2025-ci ildə dərc edilib.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Hünər-İnşaat” Firması “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə keçirilmiş satınalmanın qalibi olub 01.05.2024-cü ildə 30.822.705,46 manat dəyərində müqavilə bağlanılıb.
Sözügedən firma 28.08.2019-cu ildən 27.12.2023-cü ilə qədər Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi 9 açıq tenderin qalibi olub və ümumi dəyəri 112 212 289 manat dəyərində müqavilələr bağayıb.
Bəz son illər dövlət qurumlarından yüz milyonlarla manat sifariş alan firma barədə açıq mənbələrdə nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HÜNƏR-İNŞAAT” (VÖEN: (1500271551) Firmasının 12.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10.00 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ,NƏRİMANOV r, İSMAYIL HİDAYƏTZADƏ, ev.7A, m.136, MƏH.1911, qanuni təmsilçisi kimi isə Nəbiyev Yunis Nəbi oğlu qeyd olunub.
Vergi öhdəlikləri üzrə 2009-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Mediada yer alan məlumatlara görə Yunis Nəbiyev həm də “6-CI MƏRTƏBƏ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və ilk qanuni təmsilçisidir.
Qeyd edək ki, 13 İyul 2023-cü ildə yayılan məlumata görə, Bakı Kommersiya Məhkəməsində “Mecc” MMC-nin “6-cı mərtəbə” müstəqil şirkətinə qarşı iddia üzrə məhkəmə iclası keçirilib.Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. “Mecc” MMC “6-cı mərtəbə” müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Həmin vaxt mətbuatda yayılan məlumatlarda bildirilir ki, “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər – “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib.
“MECC” MMC “6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edib. Şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər “6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan “MV Group” MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir. Həmin vaxt məhkəmənin “6-cı mərtəbə” MMC-yə nə kimi qərar çıxarması barədə məlumat tapa bilmədik.
Qeyd edək ki, “6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.
Göründüyü kimi “HÜNƏR-İNŞAAT” Firmasının qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğlu həm də “6-CI MƏRTƏBƏ” MMC-nin qanuni təmsilçisi olub. Hazırda “6-CI MƏRTƏBƏ” MMC-nin qanui təmsilçisi Təhməzov Atəş İlahi oğludur.
Göründüyü kimi Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzillərin satın alınmasını Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə yaxınlığı ilə tanın bir şirkətə həvale etmişdir. Hansı ki, bu şirkət haqqında mediada çoxsaylı şikayətlərə rast gəlmək mümkündür. Elə bu ilin aprelində yayılan məlumatlarda vətəndaş Ramil Əliquliyevin iddiasına görə, iş zamanı xəsarət almış, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Ekspertiza və Dövlət Əmək Müfəttişliyi qəzanın baş verməsində şirkət və rəhbərliyin məsuliyyət daşıdığını ortaya qoyub. Lakin buna baxmayaraq, nə təzminat ödənilib, nə də hər hansı şəxs hüquqi məsuliyyətə cəlb olunub. Bu də çox güman ki, firmanın arxasının güclü şəxslərə bağlı olduğundan irəli gəlir.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Qurum sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kadrı və ən yaxınlarından biri hesab edilir.(aktualinfo.net)
Aknews.az