Biləsuvar Rayon Məhkəməsində analar və övladlar arasındakı münasibətlər, ən əsası isə gələcək miras payı ilə bağlı mühüm bir hüquqi presedent yaradan mülki işə baxılıb.
Musavat.com xəbər verir ki, ananın öz doğma oğluna qarşı qaldırdığı iddia məhkəmə tərəfindən təmin olunub.
İşin təfərrüatına görə, iddiaçı ana uzun müddətdir övladının ona qarşı kobud, hörmətsiz davrandığını, ailə münasibətlərinin bərpaolunmaz dərəcədə pozulduğunu əsas gətirərək məhkəməyə müraciət edib. O, gələcəkdə vəfat edəcəyi təqdirdə özünə məxsus əmlakdan oğlunun məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh oğul isə iddialarla razılaşmayaraq, aradakı narazılığın və mübahisələrin sırf əmlak satışı məsələsindən qaynaqlandığını iddia edib.
Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin dindirilməsi, şahid ifadələri, polis orqanlarına edilmiş müraciətlər, səs yazıları və digər materialları məcmu şəkildə araşdıraraq yekun qərarını verib. Məhkəmə araşdırmasından sonra belə qənaətə gəlib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu qəbul etsə də, bu hüquq toxunulmaz və mütləq deyil. Müəyyən əsaslar olduqda miras qoyan şəxs sağlığında məhkəməyə müraciət edib bu hüququ ləğv etdirə bilər. Bundan başqa, məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələri və oğlun anaya qarşı rəftarını miras qoyana qəsdən sərt münasibət kimi qiymətləndirib. Ailə münasibətlərinin yalnız kağız üzərindəki qohumluqdan ibarət olmadığı, qarşılıqlı hörmət və mənəvi dəyərlərə söykəndiyi vurğulanıb.
Məhkəmənin qətnaməsi ilə ananın iddiası tam təmin olunub. Cavabdeh oğul anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Bu qərar mirasın açıldığı andan hüquqi qüvvəyə minəcək.
Aknews.az