Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia


Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə bağlı illərdir davam edən atalığın müəyyən edilməsi və aliment tələbi mübahisəsində yeni mərhələ başlayıb.
Övladı Nil İsmayılzadənin haqqını tələb edən Fidan Abbasovaya qarşı bu dəfə Mikayıl İsmayılovun, onun oğlu Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev iddia qaldırıb. Xətai Rayon Məhkəməsinə iddia təqdim edən Şaiq Mirzəyevin mövqeyinə görə, Fidan Abbasovanın müxtəlif dövlət qurumlarına ünvanladığı müraciətlər onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərər vurub. Bu səbəbdən iddiaçı məhkəmədən Fidan Abbasovadan 150 min manat məbləğində mənəvi zərərin tutulmasını və ona ödənməsini tələb edir.

Söhbət azyaşlı övladını təkbaşına böyüdən Fidan Abbasovanın Konstitusiya ilə qorunan dövlət orqanlarına müraciət etmək hüququndan gedir və aydındır ki, bu müraciətlər onun hüquqlarını müdafiə etmək məqsədi daşıyıb.

Şikayət yazmaq hüquq pozuntusu sayıla bilərmi?

Azərbaycan Konstitusiyasının 57-ci maddəsi vətəndaşlara dövlət orqanlarına müraciət etmək hüququ verir. Bu hüquq demokratik hüquqi dövlətin əsas prinsiplərindən biri hesab olunur. Xüsusilə də sosial həssas qruplardan olan şəxslərin məhkəmə proseslərində öz hüquqlarını effektiv müdafiə edə bilməsi hüquqi dövlət prinsipinin mühüm elementlərindən biridir.
1 azyaşlı qız uşağını tək böyüdən, həmin qızın hüquqlarının bərpası üçün çalışan qadından tələb olunan məbləğin həcmi 150 min manatdır.

Bu iş susdurucu iddialar məsələsini yenidən gündəmə gətirir.

Dünyanın bir sıra ölkələrində vətəndaşların tənqidi çıxışlarını, jurnalist araşdırmalarını və ictimai müraciətlərini məhdudlaşdıran yüksək məbləğli məhkəmə iddiaları ictimai iştirakın qarşısını almağa yönəlmiş strateji hüquqi təzyiq iddiaları kimi müzakirə olunur.

Azərbaycan hüququnda bu anlayış ayrıca hüquqi institut kimi mövcud olmasa da, belə mübahisələrdə əsas prinsip dəyişmir. Məhkəmə mexanizmləri şəxsin hüququnu qorumaq üçün nəzərdə tutulub, vətəndaşın qanuni müraciət imkanlarını məhdudlaşdırmaq üçün deyil.

Xətai Rayon Məhkəməsində baxılan bu işin nəticəsi yalnız Şaiq Mirzəyev və Fidan Abbasova arasındakı münasibətlərə təsir etməyəcək.

Vətəndaş öz hüququnu qorumaq üçün dövlətə müraciət etdikdə həmin müraciət nə vaxtdan nüfuza zərər vuran hərəkət kimi qiymətləndirilə bilər?

Yada salaq ki, Fidan Abbasova SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayından faktiki ailə münasibətlərində olub. Münasibətlər 2016-cı ilin sentyabr ayınadək davam edib və bu münasibətdən 2015-ci ilin mayında Nil adlı qızı dünyaya gəlib. Orxan İsmayılzadə atalığı qəbul etməyərək Fidan Abbasova ilə münasibətlərə son qoyub. Bundan sonra Fidan Abbasova uşağın atasının müəyyən edilməsi məsələsi ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırıb. Proses zamanı məsələyə Mikayıl İsmayılov qarışıb, ona müxtəlif vədlər verilib:

“Adlarının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Bildirdi ki, iddiamı geri götürsəm, məsələ məhkəmədən kənar həll olunacaq və oğlu övladımın atası olduğunu etiraf ediləcək”.

Fidan Abbasova deyir ki, bir neçə il bu vədlərin yerinə yetiriləcəyini gözləyib, lakin vədlərin havada qaldığını görüb və hüquqi mübarizəni davam etdirmək qərarına gəlib. O, 2023-cü ildə Sabunçu Rayon Məhkəməsinin 2017-ci il tarixli qərardadından şikayət vermək üçün buraxılmış müddətin bərpası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərardadını ləğv edib və məsələyə yenidən baxılması üçün işi birinci instansiya məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəmənin əvvəlki yanaşmasını yetərli hesab etməyərək, qərardadın cavabdehə çatdırılması, qəbzdəki imzanın kimə məxsus olması və prosessual müddətin ötürülməsinin səbəblərinin araşdırılmalı olduğunu bildirib. Nıəticədə müddət bərpa olunub, Fidan Abbasovanın atalığın müəyyən olunması və aliment tələbinə dair iddiası əsaslı olduğundan təmin olunub. İddia araşdırılan müddətdə Fidan Abbasovaya qarşı Orxan İsmayılzadə tərəfindən bir neçə dəfə məhkəmə iddiası qaldırılıb. Vəkil Şaiq Mirzəyev tərəfindən ona müraciətlər olunaraq daha çox susdurma ərizəsini xatırladan barışıq sazişi göndərib. Fidan Abbasova isə həmin sazişi imzalamaqdan imtina edib. Sonrakı dövrlərdə Fidan Abbasovaya qarşı Orxan İsmayılzadənin məhkəmələrə şikayətlərində onu müdafiə edən vəkillər Şaiq Mirzəyevin rəhbərlik etdiyi vəkil qurumundan olub.

Fidan Abbasova məhkəmə proseslərinin yenilənməsindən sonra ona müxtəlif vasitələrlə təzyiqlər göstərilib. Bu təzyiqlərin əsas məqsədi onu məhkəmədə qızının hüquqlarını müdafiə etməkdən çəkindirmək olub. Vəkil Şaiq Mirzəyevin hazırkı 150 min manatlıq məhkəmə iddiası da məhz bu uzunmüddətli mübahisənin fonunda ortaya çıxıb.

Fidan Abbasova bildirir ki, onun əsas məqsədi maddi tələb deyil, övladının hüquqi statusunun müəyyən edilməsidir və artıq buna nail olub.

“Mən yalnız övladımın hüququnun tanınmasını istəyir, tələb edirdim. Bilirdim ki, heç kim qanundan üstün deyil. Kimsənin böyük pullara sahib olması qanundan üstünlüyünə yol açmamalıdır. Məni şərləməklə, təzyiq göstərməklə qızımın hüquqlarının müdafiəsindən geri çəkilməyə məcbur etmək istəyirdilər. Vicdanlı hakimlərin sayəsində, dövlətini sevən insanların sayəsində mənim azyaşlı qızımın hüqüqları bərpa olundu. Buna görə dövlətimə sonsuz minnətdaram. Bu yola çıxandan Azərbaycan dövlətinə arxayın idim və bu gün də dövlətimə müraciətlərimə görə məhkəməyə verilməyim absurddur”, - deyə Fidan Abbasova bildirib.

Aknews.az

Xəbərlər