Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...


Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması fonda, Binəqədi rayonunda icra olunan şəhərsalma "layihələri" özünəməxsusluğu ilə seçilir. Son illər rayondakı müxtəlif obyektlərdə aparılan qanunsuz artırma və yenidənqurma işləri artıq adi hal alıb. Mövcud tikililərin üzərinə əlavə konstruksiyaların quraşdırılması, obyekt sahələrinin faktiki genişləndirilməsi və yaşıl zonaların obyektlərə çevrilməsi Binəqədi mənzərəsinin ayrılmaz tərkib hissəsidir.
​Bu günlərdə çəkilən son görüntülər də dediklərimizə əyani sübutdur.
​Məmməd Səid Ordubadi küçəsində nə baş verir?
​Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən böyük bir qeyri-yaşayış obyektinin damında iri metal konstruksiyalardan ibarət yeni tikinti işləri aparılır. Görüntülərdən bəlli olur ki, konstruksiya kifayət qədər böyük sahəni əhatə edir.
​Təbii ki, ortaya məntiqi sual çıxır: Bu nədir – adi təmir, yoxsa obyektin faktiki genişləndirilməsi?
​İkinci ehtimal reallığa daha yaxın olsa da, görünür, rayon rəhbərliyi bunu “vətəndaş məmnuniyyəti” kimi qələmə almağa üstünlük verir. Ümumiyyətlə, Binəqədi rayonunda bu cür özbaşına artırmalarla bağlı müzakirələr və videoçəkilişlər yeni deyil, lokal icra hakimiyyəti isə prosesi sadəcə seyr etməklə kifayətlənir.
​Bəs Binəqədidə qanunsuz tikinti aparmaq niyə bu kadar asanlaşıb? “Vətəndaş məmnuniyyəti” anlayışı məmurlar üçün şəhərsalma məcəlləsindən və qanunlardan üstündürmü, yoxsa bu, shibkarları cəlb etməyin xüsusi “biznes modelidir”?
​Kadr dəyişikliyi və dəyişməyən "ənənə"
​Xatırladaq ki, Elxan Allahverdiyev 2018-ci ilin iyunundan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Hacıbaba Babayev isə 2022-ci ildə RİH başçısının müavini təyin edilib.
​İddialara görə, RİH-dəki kadr dəyişikliklərindən sonra rayonun müxtəlif ərazilərində tikinti və artırma işlərini "razılaşdırmaq" daha da asanlaşıb. Qəbul günlərində sıravi vətəndaşlar növbələrdə gözlədildiyi halda, imkanlı şəxslər və obyekt sahibləri üçün qapılar hər zaman açıqdır. Çünki sıravi vətəndaş problem, sosial qayğı və şikayət deməkdir; sahibkar isə "xeyir verməyə", binaların üzərində obyekt ucaltmağa, ağacları kəsdirməyə və bu kimi "layihələri" reallaşdırmağa gəlir.
​Görünür, rayon rəhbərliyi üçün şəhərsalma normasından daha vacib prinsip var: “Alan razı, satan razı”.
​Mövcud binanın üzərinə əlavə konstruksiya quraşdırılırsa, obyektin həcm-fəza həlli və fasadı köklü şəkildə dəyişirsə, burada sənəd, memar layihəsi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin rəyi nəyə lazımdır ki? Belə çıxır ki, rəsmi icazələr, çıxarışlar və çertyojlar yalnız fərdi ev tikmək istəyən imkansız vətəndaşlar üçündür. Böyük obyekti olan biznesmen üçün isə qanunlar görünür arxa plana keçir...
​Binəqədi şəhərin ən böyük və sıx məskunlaşmış rayonlarından biridir. Belə bir ərazidə hər bir qanunsuz artırma, mərtəbə ucaldılması və ya fasad dəyişikliyi ümumi şəhərsalma mühitinə, eləcə də binanın təhlükəsizliyinə ciddi zərbə vurur.
​Əgər hər bir sahibkar öz obyektinin üstündə istədiyi konstruksiyanı ucalda biləcəksə, o zaman Şəhərsalma və Tikinti Məcəlləsi nəyə lazımdır? Suallar çoxdur, amma Binəqədi Rayon İcra Hakimiyyətindən adətən olduğu kimi bu suallara cavab verən tapılmayacaq.

Nyus.Az

Aknews.az

Xəbərlər