Bu gün, oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Cinayət işi üzrə Ramiz Mehdiyevlə yanaşı, onun sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs statusundadır. İşə hakim Murad Aslanovun sədrliyi ilə baxılır.
Musavat.com xəbər verir ki, sentyabrın 21-də keçirilən hazırlıq iclasında Ramiz Mehdiyevin prosesə onlayn qoşulması ilə bağlı müraciətinə baxılıb və nəzərə alınıb.
Məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verilib. Qərarın Ramiz Mehdiyevə verilən ittihamlar - xüsusən Cinayət Məcəlləsinin 274-cü və 278.1-ci maddələri ilə əlaqəli olduğu bildirilir.
Prosesin siyasi əhəmiyyəti Ramiz Mehdiyevin tutduğu vəzifələrdən, dövlət idarəçiliyindəki uzunmüddətli rolundan və ona irəli sürülən ittihamların xarakterindən qaynaqlanır. Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Bu dövr ərzində o, dövlət idarəçiliyinin, kadr siyasətinin və siyasi proseslərin yönləndiricisi olub. 2019-cu ildə Administrasiya rəhbəri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi onun dövlət sistemindəki fəaliyyətinin yeni mərhələsi kimi qiymətləndirilirdi. Lakin sonrakı illərdə onun siyasi təsir imkanları və dövlət idarəçiliyindəki əvvəlki mövqeyi ətrafında müzakirələr davam etdi. O, vəzifədən kənarlaşdırıldıqdan sonra da dövlət siyasətinə paralellik yaratmaq cəhdlərindən əl çəkmirdi, köhnə təsir imkanlarını qorumağa çalışırdı. Hətta özünün bağ evində iclas zalı yaradaraq orada sadiq məmurları ətrafına toplamaqla iclaslar təşkil etməsi barədə də təkzib edilməyən xəbərlər var.
Ramiz Mehdiyev haqqında uzun müddət işlədilən “boz kardinal” ifadəsi onun formal vəzifəsindən kənarda da siyasi proseslərə təsir göstərdiyi barədə ictimai təsəvvürü əks etdirirdi.
Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi çərçivəsində Cinayət Məcəlləsinin 274-cü, 278.1-ci və 193-1.3.2-ci maddələri üzrə ittihamlar irəli sürüldüyü bildirilir.
Ayrı-ayrı xəbərlərdə rüşvətalma ilə bağlı 311-ci maddənin də ittiham aktında yer aldığı qeyd olunur. Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanətlə bağlı əməlləri əhatə edir. Bu ittihamın hüquqi mahiyyəti dövlətin təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti ilə əlaqəli əməllərdən ibarətdir.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi dövlət hakimiyyətini zorla ələ keçirməyə, zorla saxlamağa və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməlləri nəzərdə tutur.
Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasıdır. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittiham maliyyə əməliyyatlarının mənşəyinin gizlədilməsi və ya qanuni gəlir kimi təqdim edilməsi məsələlərini əhatə edir. Bu istiqamətdə məhkəmə araşdırmasının əhəmiyyətli hissəsini maliyyə sənədləri, əmlakın əldə edilmə mənbəyi, pul vəsaitlərinin hərəkəti və ittihamda göstərilən əməliyyatlar təşkil edə bilər.
İş üzrə təqsirləndirilən şəxs qismində yalnız Ramiz Mehdiyev deyil, onun uzun illər yaxın köməkçisi olmuş Eldar Əmirov da yer alır. Belə məlumat var ki, o, qanunsuz göstərişlərin icrasında və qaranlıq sxemlərin idarə olunmasında əsas vasitəçi rollardan birini oynayıb.
Bundan əlavə, istintaq materiallarında rüşvətalma (maddə 311) və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının da öz əksini tapması haqqında məlumatlar var.
Cinayət işi çərçivəsində Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əlisəftər oğlu Əliyev şahid qismində ifadə verəcəklər.
Bununla yanaşı, bəzi xəbərlərdə Ramiz Mehdiyevin digər ailə üzvlərinin və müxtəlif şəxslərin də istintaq çərçivəsində şahid qismində dindirildiyi qeyd olunur. Bu, ailə üzvlərinin idarə olunan aktivlər və maliyyə axınları barədə məlumatlılığının istintaq tərəfindən araşdırıldığını göstərir.
Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar AXCP sədri Əli Kərimli də saxlanılıb. Məlumatlara görə, Əli Kərimli və AXCP fəalı Məmməd İbrahimlə bağlı cinayət işi Ramiz Mehdiyevin cinayət işindən ayrıca icraata götürülüb.
Ramiz Mehdiyev vəzifədə olduğu 24 il ərzində dövlət idarəçiliyinin ən mühüm fiquru olaraq kadr siyasətini, siyasi qərarları və müxtəlif dövlət qurumlarını birbaşa idarə edib. Hətta hakimlərin təyinatı məsələlərində də onun geniş təsir imkanları olub. Bu gün Ramiz Mehdiyevin hakim qarşısına çıxarıldığı Bakı Ağır Cinayətlər Məhkəməsi zamanında onun qeyri-rəsmi göstərişlərinin sözsüz yerinə yetirildiyi məkanlardan idi. Hətta onun dərkənarı ilə bu məhkəməyə daxil olan məktub cinayət işlərinin araşdırılmasına birbaşa təsir göstərə bilirdi. Bu müdaxilələrin ən bariz nümunələrindən biri onun yaxın silahdaşı, təbliğatçısı olan sabiq deputat Elmira Axundovanın adı keçən cinayət işidir.
Keçmiş deputat və Ramiz Mehdiyevin yaxını olan Elmira Axundova səs-küylü dələduzluq işində keçirdi. İşin gedişatında Elmira Axundova Ramiz Mehdiyevə məktub yazaraq dəstək və kömək istəmişdi. Ramiz Mehdiyev məktubun üzərinə öz dərkənarını qoyaraq onu heç bir əsas olmadan Bakı Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərmiş, Nəbiyev isə öz növbəsində məktubu hakim Rahib Salmanova yönləndirmişdi. Ramiz Mehdiyevin dərkənar yazdığı məktub hakimə çatandan sonra proses hər hansı bir araşdırma aparılmadan süni şəkildə uzadıldı. Nəticədə xüsusilə külli miqdarda - 8 milyon manatlıq dələduzluq işi məhkəmədə araşdırılmadan, əsas fiqurlar kənarda saxlanılmaqla sonuclandı. Dünənə qədər Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevin "fərman"larının sözsüz icra olunduğu yer idi. Bu gün isə onu özü həmin məhkəmədə ittiham olunan tərəfdir.
Aknews.az