Şeyxin milyarder oğlu: Biznes imperiyası haradan başlayır, harada bitir?


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə bütün sərvətini və biznesini oğlu Məhəmməd Paşazadənin adına keçirib. İslam Peyğəmbərinin adını daşıyan oğul Paşazadə hazırda milyarder statusundadır. Onun təkcə Bakıda olan daşınmaz əmlaklarının qiyməti milyard manatı keçir. Həmçinin, Məhəmməd Paşazadənin Türkiyə başda olmaqla Avropanın bir çox ölkələrində geniş biznesi var. Təkcə Türkiyədə bir restoranın faktiki bazar qiyməti 100 milyon dollar civarındadır.
Qeyd edim ki, Məhəmməd Paşazadə həm də Türkiyə vətəndaşıdır və bir müddətdir ailəsi ilə birlikdə İstanbulda yaşayır.
Son illərdə ən çox diqqət çəkən məsələlərdən biri Məhəmməd Paşazadənin “Blue City” layihəsidir.
Xırdalanda, Həsən Əliyev küçəsi 7 ünvanında, Bakı Mühəndislik Universitetinin yaxınlığında yerləşən “Blue City” böyük yaşayış layihəsi kimi təqdim olunur.
Məlumatlara görə, vaxtilə İlahiyyat Universiteti üçün ayrıldığı bildirilən 20 hektarlıq ərazinin 10 hektarı Məhəmməd Paşazadənin adına sənədləşdirilib. Həmin ərazidə isə “Blue City” layihəsi həyata keçirilib.
Yəni söhbət kifayət qədər böyük torpaq sahəsindən və iri yaşayış layihəsindən gedir.
Türkiyə: Məhəmməd Paşazadənin Türkiyə vətəndaşı olduğu və İstanbulda yaşadığı barədə məlumatlar illər əvvəl yayılıb. Türkiyədə onun daşınmaz əmlak və biznes obyektlərinin olduğu barədə də müxtəlif məlumatlar mövcuddur. Son dövrdə isə onun Türkiyədə 300 hektara yaxın torpaq sahəsi aldığı, bahalı otellər və restoran biznesində iştirak etdiyi barədə məlumatlar yayılıb.
Çexiya: Paşazadə ailəsinin Karlovı Varıdakı əmlakları və biznes fəaliyyəti barədə müxtəlif araşdırmalar dərc olunub. “Aynur KV” şirkətinin adı da həmin araşdırmalarda keçir. Sonradan şirkətin “MP İNTERNATİONAL S.r.o.” adı ilə Məhəmməd Paşazadənin adına keçirildiyi barədə məlumatlar yayılıb.
Malta: “MP TRADE SHIPPING LIMITED” şirkəti ilə bağlı yayılan məlumatlarda Məhəmməd Paşazadənin adı təsisçi kimi göstərilir. Şirkətin gəmiçilik fəaliyyəti ilə bağlı olduğu bildirilir.
Məhəmməd Paşazadə həm də ölkədən milyardları xaricə daşıyan dırnaqarası iş adamlarından biridir. Bakıdakı obyektlərini satıb, İspaniyada daşınmaz əmlak almaq planları qurduğu bildirilir...
Elmidar Aliyev
TEREF


Aknews.az

Xəbərlər