Ehtiyacı olan ailəyə yardım etmək insanlıqdır, həmin yardımı özünə reklam vasitəsinə çevirmək isə tamam başqa məsələdir. Bax, Bərdə şəhər icra başçısı, bu vəzifədən qəti bezməyən Vidadi İsayev də o adamlardan biridir.
Anaxeber.az.com yazır ki, Vidadi İsayev yenə "sağ əlin verdiyini sol əl bilməz" el sözündən kənara çıxaraq özünü publika qarşısında gülməli vəziyyətə salıb. Əslində isə onun "jesti" ikrah hissi doğurub. Söhbət Bərdədə aztəminatlı, çoxuşaqlı ailəyə etdiyi yardımı hamının qarşısında açıqlamaqdan gedir. İcra başçısı ailədəki uşaqları sayaraq, hərəsinə 100 manat, ümumilikdə 500 manat verəcəyini deyir. Bununla da olur qəhrəman, səxavətli məmur, Bərdə camaatının qayğısına qalan icra hakimi. Ay-hay. Kim bunu alqışlayar? Əvvəla, 500 manat indiki dövrdə çoxuşaqlı ailə üçün cüzi dəstəkdir. İkincisi, bu yardımı edərkən kameralar qarşısında özünü göstərmək ayıbdır. Sanki ailəni 4 otaqlı mənzil, lüks avtomobil, uşaqların valideynlərini də stabil normal maaşı olan işlə təmin edib. Axı 500 manat bu ailənin uzaqbaşı 20 gün ehtiyaclarını birtəhər qarşılaya bilər. Halbuki bu məbləğ Vidadi İsayevin dost məclisində bir ziyafətin kiçik hesabıdır.
Cənab Vidadi İsayev, aztəminatlı ailəyə 500 manat yardım etmək, əlbəttə, pis deyil. Amma bu xeyirxahlığı ictimaiyyətə car çəkmək, sanki böyük bir tarixi hadisəyə imza atmısınızmış kimi təqdim etmək nəyə lazımdır? Ehtiyacı olan ailənin dərdini reklam lövhəsinə çevirmək humanizm deyil, özünüreklamın ən ucuz formasıdır.
500 manatlıq yardımı belə böyük səxavət hadisəsi kimi təqdim etməkdənsə, bəlkə, illərdir rəhbərlik etdiyiniz rayonun sosial problemləri barədə danışasınız? Bərdə sakinlərinin şikayətlərinə, rayonun idarəçilik problemlərinə, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ictimaiyyətə açıqlama gözləyən suallara cavab verəsiniz?
Mətbuatda illər ərzində torpaq mübahisələri, sahibkarların şikayətləri, kommunal sahədə özbaşınalıq və idarəçilikdə şəffaflıqla bağlı sizin rəhbərlik etdiyiniz qurumun ünvanına müxtəlif iddialar səsləndirilib. Bunların hər biri ayrıca araşdırılmalı və cavablandırılmalıdır.
İnsanların yaddaşı sosial şəbəkədəki bir xeyriyyə paylaşımından ibarət deyil. Bir ailəyə 500 manat verməklə illərin suallarını bağlamaq mümkün deyil.
Cənab İsayev, xeyirxahlıq reklam olunanda onun səmimiyyəti sual altına düşür. Əsl səxavət 500 manatı elan etmək deyil, illərlə rəhbərlik etdiyin rayonda insanların 500 manata möhtac qalmaması üçün şərait yaratmaqdır.
Bəlkə də, ən böyük sual elə budur: 500 manatlıq yardımın reklamına sərf olunan enerjinin heç olmasa bir hissəsi Bərdənin problemlərinin həllinə sərf olunsaydı, bu gün nə qədər insanın sizdən narazılığı azalardı?
Təbii ki, bu suallara cavab vermək iqtidarında deyil. Əslində, İsayev Bərdənin icra başçısı postundan çoxdan getməliydi ki, bölgədə inkişaf dövrü başlasın. Ancaq sehirli əllər onu azı 15 ildir ki, bu vəzifədə saxlayır. Bu dövr ərzində İsayev 5-10 adama əl tutduğunu reklam etməklə özünə xal qazanmağa çalışır, sonra rayonu tar-mar edərək varlanır.
Təsadüfi deyil ki, bu əməllərin nəticəsində onun yetərincə biznesi, əmlakları var.
Belə ki, Bakıda Bakıxanov küçəsi və Zərdabi prospektində mənzilləri, Babək prospektində iki çoxmərtəbəli mülkü,
Bərdədə ikimərtəbəli mağazası, rayonun Heydər Əliyev parkı ərazisində kafesi,
Mixaylovka və Ağcakənd kəndlərində villaları,
eləcə də Yevlaxda villası, Yevlax–Bərdə yolu üzərində balıq təsərrüfatları, Bərdə, Yevlax və Tərtərdə torpaq sahələri və iaşə obyektləri, Türkiyə və Rusiyada biznes və obyektləri var. Bundan başqa,
Təchizat BCS MMC-nin onunla əlaqəli olduğu iddia edilir. Oğluna məxsus olduğu bildirilən 100 min manatlıq çayxana və kürəkəninə aid olduğu iddia edilən kommersiya obyekti də qeyd olunur.
Azər Talıbov
anaxeber.com.az
Aknews.az