Rent-a-car şirkəti CƏRİMƏLƏNDİ


Azərbaycanda avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan “İntoks” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “İntoks” MMC-yə sorğu göndərilərək mülkiyyətində olan “Volkswagen Crafter” yük avtomobilinin İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs barədə məlumatların verilməsi xahiş olunub.

Eyni zamanda “İntoks” MMC-nin sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatların təqdim edilməsi tələb olunub.

Lakin tələb olunan məlumatları təqdim etməyən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə şirkət 300 manat cərimə olunub.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “İntoks” MMC-nin direktoru Vəli Həsənovdur.

Aknews.az

Xəbərlər