Təhsil eksperti Kamran Əsədov barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Bu dəfə buna səbəb onun müdafiəçisi Hikmət Əliyevin məhkəmə iclasında iştirak etməməsi olub.
Musavat.com xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində keçirilməsi nəzərdə tutulan iclas müdafiəçinin gəlməməsi səbəbindən baş tutmayıb.
Məlumata görə, əvvəlki iclasların birində də Hikmət Əliyev məhkəmə prosesinə iki saat gecikib. Bu gün keçiriləcək iclasın tarixi isə müdafiəçinin iştirakı və razılığı ilə əvvəlcədən müəyyənləşdirilib. Buna baxmayaraq, o, razılaşdırılmış tarixdə məhkəməyə gəlməyib və prosesin yenidən təxirə salınmasına səbəb olub.
Baş verənlər müdafiəçinin məhkəmə iclaslarında iştirak etməməsinin prosesin gedişinə təsiri məsələsini gündəmə gətirir. Bununla belə, müdafiəçinin iclasa gəlməməsinin səbəbi barədə əlavə məlumat verilməyib.
