UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçiriləcək "Sabah" - "Borussiya" (Dortmund) oyunu Azərbaycan və Almaniya təmsilçilərinin avrokuboklardakı 14-cü matçı olacaq.
Azərbaycan klublarının Almaniya təmsilçiləri ilə qarşılaşmalarında ən çox diqqət çəkən məqam Dortmund "Borussiya"sının bütün oyunlarda qələbə qazanmasıdır.
"Qarabağ" Dortmund təmsilçisi ilə 2010/2011 mövsümündə Avropa Liqasının pley-off mərhələsində qarşılaşıb. Ağdam klubu səfərdə 0:4, evdə isə 0:1 hesabı ilə uduzub. "Qəbələ" də 2015/2016 mövsümündə eyni rəqibə məğlub olub – evdə 1:3, səfərdə 0:4. Beləliklə, Dortmund "Borussiya"sı Azərbaycan klublarına qarşı keçirdiyi 4 oyunun hamısında qalib gəlib, 12 qol vurub və cəmi 1 top buraxıb.
"Qarabağ" Frankfurt "Ayntraxt"ı ilə də iki dəfə üz-üzə gəlib. Ağdam təmsilçisi 2013/2014 mövsümündə rəqibinə 0:2 və 1:2 hesabları ilə uduzub. Lakin 2025/2026 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində keçirilən qarşılaşmada "Qarabağ" 3:2 hesabı ilə qalib gələrək Almaniya klubları üzərində ilk və yeganə zəfərini qazanıb.
Ağdam təmsilçisi "Frayburq"la 2022/2023 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Səfərdə 1:2 hesabı ilə uduzan "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçəyə nail olub.
Nəhayət, "Qarabağ"ın "Bayer 04"lə qarşılaşmaları 2023/2024 mövsümünə təsadüf edib. Avropa Liqasının qrup mərhələsində rəqib 5:1 və 1:0 hesablı qələbələr qazanıb. 1/8 final mərhələsində isə Bakıdakı oyun 2:2 hesabı ilə başa çatıb, Leverkuzen görüşündə meydan sahibləri 3:2 hesablı üstünlük əldə ediblər.
Beləliklə, Azərbaycan klubları Almaniya komandaları ilə 13 dəfə karşılaşıblar. Bu matçların 1-də qələbə qazanılıb, 2 heç-heçə qeydə alınıb və 10 məğlubiyyət yaşanıb. Təmsilçilərimiz vurulan 12 qola qarşı qapılarında 32 top görüblər.
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya" oyunu saat 20:45-də start götürəcək.
Aknews.az