UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına yekun vurulub.
Əvvəlcə "Barselona" doğma "Kamp Nou"da İngiltərənin "Nyukasl" klubunu darmadağın edib - 7:2. İlk matçda qeydə alınan 1:1-lik bərabərlikdən sonra kataloniyalılar rəqibinə şans tanımayaraq ümumi hesabda 8:3-lə mərhələ adlayıblar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "Enfild"də "Liverpul"un qonağı olub. İstanbuldakı ilk oyunda 1:0 hesablı qələbə qazanan "sarı-qırmızılılar" İngiltərədə bu üstünlüyü qoruya bilməyib. Mersisaydlılar 4:0 hesablı inamlı qələbə ilə "Cim-Bom"u turnirdən kənarlaşdırıblar (ümumi hesab 4:1).
Almaniya nəhəngi "Bavariya" İtaliyanın "Atalanta" klubu ilə qarşılaşmada sürprizə imkan verməyib. İlk oyunda səfərdə 6:1 hesablı qələbə qazanan münhenlilər, cavab matçında da rəqibini 4:1 hesabı ilə məğlub edərək (ümumi hesab 10:2) 1/4 finala yüksəliblər.
Gecənin digər matçında isə "Tottenhem" evdə İspaniyanın "Atletiko Madrid" komandasını qəbul edib. Gərgin keçən görüş London təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, bu nəticə onlar üçün kifayət etməyib. İlk oyunda Madriddə 5:2 hesablı qələbə qazanan Dieqo Simeonun komandası ümumi hesabda (7:5) qalib gələrək növbəti mərhələyə adlayıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
"Barselona" (İspaniya) - "Nyukasl” (İngiltərə) 7:2 (ilk oyun - 1:1)
"Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) 4:0 (ilk oyun - 0:1)
"Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) 4:1 (ilk oyun - 6:1)
"Tottenhem" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 3:2 (ilk oyun - 2:5).
Aknews.az