Səhhətində yaranan problemlərə görə komaya düşən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.
Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 18-də saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hazırda onun müalicəsi davam etdirilir.
“Vəziyyəti kritik ağır qiymətləndirilir”, - TƏBİB-dən qeyd olunub.
Yaxınları Ölkə.az-a bildirib ki, Milli Qəhrəman mədə xəstəliyindən əziyyət çəkir. Ötən gün onun mədəsində qan axma olub. Bu səbəbdən vəziyyəti daha da ağırlaşıb.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir. Bir qızı, iki oğlu var.
Aknews.az